DÜNYA
İran XİN: Almaniyanın İran şirkətinə qarşı qadağaları əsassızdır
Tehran, 23 yanvar AZƏRTAC
Almaniyanın tələsik qərar çıxararaq “Mahan Air” şirkətinin təyyarələrini ölkəyə buraxmaması ikitərəfli əlaqələrin inkişafı haqqında əldə edilən razılaşmaya ziddir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhar Qasemi deyib.
Onun sözlərinə görə, Almaniyanın addımı əsassızdır və qeyri-dəqiq məlumatlara əsaslanır.
Xatırladaq ki, Almaniya İranın “Mahan Air” şirkətinə məxsus təyyarələrin ölkə ərazisinə daxil olmasına qadağa qoyub. İddia olunur ki, bu şirkət terrorçularla əlaqədədir və Suriyaya qeyri-qanunu uçuşlar həyata keçirərək terrorçulara silah-sursat daşıyıb. Lakin İran bütün ittihamları rədd edərək sübut tələb edib. Almaniya isə ortaya elə bir ciddi dəlil qoya bilməyib. Buna baxmayaraq, Almaniyanın hava limanları İran şirkətinin təyyarələrini qəbul etmirlər.
İran mətbuatı yazır ki, Avropa dövlətləri indiyə kimi İrana qarşı irəli sürdükləri ittihamların heç biri haqqında sübut ortaya qoya bilməyiblər. Bu dəfə də heç bir dəlil yoxdur. Aviasiya şirkətinin terrorçularla əməkdaşlığı iddiası sadəcə olaraq bir bəhanədir. Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, Almaniya ABŞ-ın təzyiqi ilə İranın hava nəqliyyatına sanksiya tətbiq edir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran