DÜNYA


İran XİN: Rəsmi Tehran Ukraynaya təzminat verməkdən boyun qaçırmır

Tehran, 6 avqust, AZƏRTAC

Tehran üzərində yanlışlıqla vurulan sərnişin təyyarəsində həlak olanların ailələrinə təzminat verilməsi ilə əlaqədar İran ilə Ukrayna arasında aparılan danışıqların növbəti mərhələsi oktyabr ayında baş tutacaq.

AZƏRTAC xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib. O, ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon söhbətində qeyd edib ki, İran qəza nəticəsində həlak olanların ailələrinə təzminat ödəməkdən boyun qaçırmır.

M.C.Zərif beynəlxalq təşkilatları və medianı bu məsələni siyasiləşdirməməyə çağırıb. Qeyd olunub ki, beynəlxalq normalara və qanunlara uyğun olaraq, müvafiq addımlar atılacaq. Nazir bildirib ki, danışıqlar prosesində problem yoxdur. Sadəcə olaraq, bəzi məsələləri bir daha nəzərdən keçirib razılaşdırmaq lazımdır.

İran və Ukrayna mətbuatı yazır ki, tərəflər əsasən təzminatın məbləği ətrafında müzakirələr aparırlar. İran tələb olunan təzminatın həddən artıq böyük məbləğdə olması ilə razı deyil.

Xatırladaq ki, cari ilin yanvarında Tehrandan Kiyevə uçan “Boeing” tipli sərnişin təyyarəsi havaya qalxdıqdan 2 dəqiqə sonra raketlə vurulub. Nəticədə təyyarə bələdçiləri və pilotlar da daxil olmaqla 176 nəfər həlak olub.

Ukrayna Prezidenti bəyan edib ki, əgər yaxın zamanda İran həlak olan vətəndaşlarının ailələrinə təzminat ödəməsə, rəsmi Kiyev beynəlxalq məhkəməyə müraciət edəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.