DÜNYA


İran ayaqda durmağa və siyasi ambisiyalarını reallaşdırmağa çalışır

Tehran, 22 may, AZƏRTAC

İran “Cənubi Pars” yatağında qaz hasilatını artıraraq 40 milyon kubmetrə çatdırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə “Pars” şirkətinin baş direktoru Məhəmməd Meşkinfər məlumatı verib. O bildirib ki, ötən illə müqayisədə “Cənubi Pars” yatağından qaz hasilatı 6 faiz artırılıb. Bu yataq 51 milyard kubmetr təbii qaz ehtiyatına malikdır.

İran mətbuatının yazdığına görə, rəsmi Tehran Ukraynada aparılan hərbi əməliyyatlar səbəbindən Avropada yaranan qaz böhranını nəzərə alaraq hasilatı artırıb ki, böyük həcmdə qaz sata bilsin. Lakin İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar buna imkan vermir. Buna görə də İran diplomatiyası bütün qüvvəsi ilə sanksiyaların heç olmasa bir qisminin aradan qaldırılmasına çalışır ki, enerji resurslarını dünya bazarına çıxararaq ölkədəki iqtisadi vəziyyəti düzəldə bilsən. Son dörd ayda İranda ərzaq və digər gündəlik tələbat mallarının qiyməti sürətlə artmaqda davam edir. Hökumət əhaliyə kompensasiya versə də, bu, çox cüzi məbləğdir və aztəminatlı ailələrin güzəranına əhəmiyyətli təsir göstərmir.

Vyanada İran ilə Qərb dövlətləri arasında aparılan danışıqlar, necə deyərlər, dalana dirənib. Qərb paytaxtlarında İranın iqtisadi vəziyyətinin ağırlaşdığını bilirlər və siyasi addımlarını da bunu nəzərə alaraq atırlar. Məsələnin mahiyyəti ondan ibarətdir ki, uzun illər ərzində sanksiyalar altında yaşayan İran “nüvə proqramı” çərçivəsində bir sıra güzəştlərə getməyə hazırdır. Lakin İranın düşdüyü vəziyyətindən istifadə edən ABŞ Avropadakı müttəfiqləri vasitəsilə rəsmi Tehrana təzyiq edib daha böyük güzəştlər tələb edir. Əgər 2015-ci ildə sanksiyaların aradan qaldırılması müqabilində İrandan yalnız “nüvə proqramı”nı məhdudlaşdırmaq tələb edilirdisə, bu gün artıq “raket proqramı”nın ləğv edilməsi və beynəlxalq müşahidəçilərin nüvə obyektlərinə maneəsiz daxil olması tələbləri də irəli sürülür. İran hökuməti isə “raket proqramı”nı “qırmızı xətt” hesab edərək yeni tələbləri yerinə yetirməkdən imtina edir, bunu milli maraqlarına zidd olduğunu bildirir. Qərb dövlətləri danışıqları uzatmaqla istəklərinə nail olmağa çalışırlar. Hələlik heç bir konkret nəticə əldə olunmasa da, Vyanada danışıqlar davam edir.

Hazırda dünyada baş verən iqtisadi böhran, inflyasiyanın və qiymətlərin kəskin artması sanksiyalar altında qalan İran kimi dövlətlərə daha mənfi təsir göstərir. May ayının əvvəlində İranın Xuzistan, Sistan-Bəlucistan, Kirman, Kürdüstan vilayətlərində sosial vəziyyətin ağırlığı ilə əlaqədar kütləvi etiraz aksiyaları keçirilib. Polis ilə etirazçılar arasında baş verən toqquşmada 1 nəfərin öldüyü, 4 nəfər polis əməkdaşının yaralandığı bildirilir. Bəzi siyasi müşahidəçilərin fikrincə, Qərb məhz belə kütləvi etirazlara ümid bəsləyir. Qərbdə hesab edirlər ki, İranda əhalinin sosial vəziyyətinin ağırlığı rejimə qarşı etirazların miqyasını genişləndirəcək və tədricən ölkənin siyasi quruluşu dağılacaq. Lakin İran hökuməti bütün bunları yaxşı başa düşərək hadisələri, sadəcə olaraq izləmir, əksinə, qəti addımlar atır və bu, təkcə etirazları yatırmaqdan ibarət deyil. Prezident İbrahim Rəisi “müqavimət iqtisadiyyatı”nı daha da gücləndirmək niyyətindədir. Regionlarda yeni istehsal müəssisələri və iş yerləri yaradılır. Ötən həftə Qərbi Azərbaycan vilayətinə səfər edən Prezident burada bir sıra istehsal müəssisələrinin açılışında iştirak edib. Bu, İran Prezidentinin vilayətlərə 23-cü səfəridir. Bundan əvvəl Gilan, Ərdəbil, Xuzistan, Mazandaran və digər vilayətlərə səfər edən İbrahim Rəisi bir çox istehsal müəssisələrinin açılışını edib. Digər tərəfdən, İran iqtisadiyyatı məhz istehsal hesabına dayanıqlı xarakter alıb. Hazırda ölkədə sosial durum çətin olsa da, burada Venesuela, Şimali Koreya və bəzi Afrika dövlətlərində olduğu kimi ərzaq qıtlığı və hiperinflyasiya yaşanmır.

Hazırda İran Çin və Hindistana qaz satmaqla büdcəsini təmin edə bilir. Rəsmi Tehranın istehsalı artırmaqla Avropaya qaz sata biləcəyini demək çətindir. İranın nə qədər davam gətirəcəyini və sanksiyaların nə zaman aradan qalxacağını zaman göstərəcək. Hələlik isə İran var qüvvəsi ilə müqavimət göstərərək ayaqda durmağa və siyasi ambisiyalarını reallaşdırmağa çalışır.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.