CƏMİYYƏT
İran ən keyfiyyətsiz və texnoloji cəhətdən geri qalmış tibbi xidmət göstərən səhiyyə sisteminə malikdir

Bakı, 8 iyun, AZƏRTAC
İran dünyanın ən keyfiyyətsiz və texnoloji cəhətdən geri qalmış tibbi xidmət göstərən səhiyyə sisteminə malikdir. Baxmayaraq ki, 1990-cı ildən 2000-ci illərin əvvəllərinə qədər Azərbaycandan İrana müalicə üçün gedənlərin sayı kifayət qədər çox idi. Amma son illər demək olar ki, İrana gedənlərin sayı kəskin şəkildə azalıb. Bunun əsas səbəbi ondan ibarətdir ki, son illərdə Azərbaycanda olduqca güclü səhiyyə sistemi formalaşıb, ən qabaqcıl texnologiyalar tətbiq edən istər özəl, istər dövlət klinikaları yaranıb. Artıq Türkiyədə, Almaniyada, Avropanın başqa ölkələrində uzmanlıq və daha yüksək səviyyədə təhsil alanlar ölkəmizə qayıdıblar. Buna görə də daha İrana getməyə ehtiyac yoxdur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O qeyd edib ki, 1990-cı illərdən başlayaraq son dövrlərə qədər İranın səhiyyəsi haqqında olduqca fərqli təbliğatlar aparılırdı. Bu da əslində çirkli, qara bir səhiyyə biznesi idi. Azərbaycanda da “İranda müalicə, dərmanlar çox ucuzdur, dəqiq diaqnoz qoyulur və qısa müddətdə insanları müalicə edilər” kimi heç bir əsası olmayan təbliğatlar aparırdılar. Ona görə ki, İran uzun müddətdir, sanksiyalar altındadır. İrana heç bir ölkədən yeni tibb texnologiyaları daxil olmur. İranın özü də müasir tibb texnologiyaları istehsal edən dövlət deyil. Digər tərəfdən, İrana başqa ölkələrdən də dərmanlar demək olar ki, idxal olunmur, yalnız öz istehsalı olan dərmanlardır. 1970-ci illərdən sonra tək-tük mütəxəssis saymaq olar ki, İrandan xaricə tibb təhsili üçün getsin. Digər hamısı İran məktəblərinin məzunları olan həkimlər və ya orta tibb işçiləridir. Bu mənada İran səhiyyəsinin yüksək səviyyədə olmasından danışmaq ancaq səhiyyədən, tibdən xəbəri olmayan insanların işidir.
Musa Quliyevin sözlərinə görə, İran aşağı və orta seqment üçün reklam işini qura bilmişdi. “Ucuz dərman, xidmət, qiymət” bunlar da müvəqqəti bir xarakterli idi. Çünki çox vaxt Azərbaycandan gedən xəstələrə yüksək dozada dərmanlar verirdilər. Bəzən keyləşdirici, bəzən hormonal dərmanlar. İlk dövrdə yaxşı effekt alınırdı, amma bir-iki aydan sonra xəstənin vəziyyəti daha da ağırlaşırdı. Ondan sonra da ancaq İran dərmanından və oradakı həkimlərdən asılı qalırdı. Bunu da bilərəkdən edirdilər. Bu mənada bu gün İran səhiyyəsi böhran vəziyyətindədir.
“Ən təhlükəlisi ondan ibarətdir ki, İrana müalicə üçün gedən insanlar bəzən casusluluğa cəlb olunur. Bilirsiniz ki, İran dövlətinin casusluq xidməti dünyada ən çirkin şəkildə hər cür vasitə ilə insanları öz xidmətlərinə cəlb etmək “imkanına malikdir”. Onlar insanlara asanlıqla şər, böhtan ata bilirlər. Biz dəfələrlə şahid olmuşuq ki, onlar heç bir günahı olmayan Azərbaycan vətəndaşını orada saxlayıblar, incidiblər, casusluğa cəlb etmək istəyiblər. Buna görə də İran tibbi ilə bağlı hesab edirəm ki, miflər artıq keçmişdə qaldı. Azərbaycanın kifayət qədər yüksək texnologiyası, mütəxəssisləri vardır. Ən azı yaxında qardaş Türkiyə var. İstər dərman təminatı, istərsə də Azərbaycanda müəyyən diaqnostik və müalicəvi çətinlikləri olanlar da qardaş Türkiyəyə gedə bilərlər. Bizdə artıq İcbari Tibbi Sığorta işə düşdüyündən və genişləndiyindən daha ucuz tibbi xidmət yeri axtarmağa da ehtiyac yoxdur. Heç şübhə etmirəm ki, bir neçə ildən sonra İrandan xəstələr müalicə üçün Azərbaycana gələcəklər. İndi də bəzi hallarda biz bunun şahidi oluruq”, - deyə Musa Quliyev vurğulayıb.