DÜNYA


İran hakimiyyəti aksiya iştirakçılarını qorxutmağa çalışır

İran hakimiyyəti aksiya iştirakçılarını qorxutmağa çalışır

Bakı, 6 dekabr, AZƏRTAC

İranın Mərkəzi vilayətində xüsusi xidmət orqanlarının apardığı əməliyyat nəticəsində 12 nəfər həbs olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə İran İslam İnqilabının Keşikçiləri Korpusu (Sepah) məlumat yayıb. Bildirilib ki, həbs olunanlar Niderland və Almaniyada xüsusi təlimlər keçərək İrana göndəriliblər. “Tasnim” xəbər agentliyi həbs olunan şəxslərin aksiyaların keçirildiyi məkanlarda terror törətmək istədiyini yazır. Həbs edilənlərin kimliyi isə hələ də açıqlanmayıb.

Lakin sosial şəbəkələrdə məsələyə fərqli münasibət bildirilir, bu kimi məlumatların həqiqət olmadığı qeyd edilir. Belə xəbərlərin yayılmasında məqsəd ictimaiyyətin diqqətini yayındırmaq və onları qorxudaraq aksiyalardan çəkindirməkdir.

Nəzərə çatdıraq ki, sentyabr ayında 22 yaşlı qızın əxlaq polisi tərəfindən zorakılığa məruz qalaraq ölməsindən sonra başlayan kütləvi aksiyalar İranın bir sıra şəhərlərində iğtişaşlarla müşahidə olunur. İran mətbuatı Tehranda, Təbrizdə, İsfahanda, Sistan-Bəlucistan və Kürdüstanda inzibati binaların və polis maşınlarının xüsusi xidmət orqanları tərəfindən qəsdən yandırıldığını və bunun aksiyaların qarşısının alınmasında səbəb kimi göstərildiyini bildirir. Eyni zamanda, aksiya iştirakçıları başqa dövlətlərin xüsusi xidmət orqanlarında çalışmaqda ittiham olunur.

Ötən bazar günü Tehranda həbs olunan Hüseyn Orduxanzadə, Şahin İmani, Milad Əşrəfi və Mənüçöhr Şahbəndi vətənə xəyanətdə ittiham olunaraq edam cəzasına məhkum olunublar. Məsələnin mahiyyəti ondan ibarətdir ki, inqilab məhkəməsinin qəbul etdiyi qərar tezliklə icra edilib.

İnsan hüquqlarını müdafiə edən beynəlxalq təşkilatlar bildirirlər ki, edam cəzasının belə tez yerinə yetirilməsi təsadüfi xarakter daşımır. İranın hakim dairələri 4 aydır davam edən aksiyaları dayandıra bilmədikləri üçün insanlara zor tətbiq edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.