İDMAN
İran millisi Azərbaycanla oyun öncəsi Mərakeşdən üç xal almağı bacarıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Futzal üzrə Azərbaycan yığmasının Kolumbiyada təşkil olunan dünya çempionatında mübarizə apardığı “F” qrupunda daha bir oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, millimizin ilk turda 5:0 hesabı ilə məğlub etdiyi Mərakeş İranla üz-üzə gəlib. Cənub qonşularımız bu oyundan 5:3 hesablı qalibiyyətlə ayrılıblar.
Qeyd edək ki, ötən gecə millimiz İspaniyaya 2:4 hesabı ilə uduzub. Komandamız qrupdakı son matçını sentyabrın 19-da İrana qarşı keçirəcək. Hazırda Azərbaycan və İranın hərəyə üç xalı var. Turnir cədvəlində ikinci pillədə qərarlaşan millimiz vurulan və buraxılan topların fərqinə görə, cənub qonşularımızı qabaqlayıb. Qrupun son görüşündə isə yığmamızı məğlubiyyətdən başqa istənilən hesab növbəti mərhələyə çıxaracaq.