QAN YADDAŞI
İran portalı AZƏRTAC-ın xüsusi müxbirinin 20 Yanvar faciəsi haqqında məqaləsini yayıb
Tehran, 20 yanvar, AZƏRTAC
İranın “AVA Diplomatic” portalı AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri Rabil Kətanovun “20 Yanvar Azərbaycan xalqının qan yaddaşında şərəfli mübarizə günüdür” adlı məqaləsini yayıb.
Azərbaycanın İrandakı səfirliyinin dəstəyi ilə yayılan məqalədə qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməsindən, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən və bu ədalətsizliyə etirazını bildirmək üçün Bakının küçələrinə, meydanlarına çıxan dinc əhaliyə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qanlı divan tutuldu. SSRİ Ali Sovetinin razılığı belə olmadan birbaşa SSRİ-nin rəhbəri Mixail Qorbaçovun əmri ilə ermənilərin də böyük sayda qatıldığı 20 mindən çox ordu Bakıya hücum etdi. Televiziyanın enerji bloku partladıldı, xalq informasiya blokadasına alındı, əhali nəinki ölkədə, eləcə də dünyada baş verən hadisələrdən xəbərsiz qaldı. Sovet ordusunun mülki əhaliyə qarşı silah işlədəcəyini təsəvvür belə etməyən insanlar Bakı şəhərinin dinc sakinlərinin bu ordu tərəfindən necə qəddarlıqla məhv edilməsinin şahidi oldular. Azərbaycana yeridilən sovet ordu hissələri paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 147 mülki şəxsi amansızcasına qətlə yetirdilər. Hadisələr zamanı 744 nəfər günahsız insan yaralandı, 841 nəfər qanunsuz həbs edildi. İnsanlıq simasını itirmiş hərbi canilər hətta təcili tibbi yardım maşınlarını atəşə tutur, heç kəsə aman vermirdilər. Döyüş meydanını xatırladan Bakıda ölçüyəgəlməz dağıntılar törədildi, inzibati və yaşayış binalarına, nəqliyyat vasitələrinə ciddi ziyan vuruldu. İnsanlara təxribatçı və pozucu adı verildi. Halbuki meydana toplaşan insanlar sadəcə olaraq baş verən ədalətsizliyə öz etirazlarını bildirirdilər. Bu qanlı aksiyanı törətməklə SSRİ rəhbərliyinin məqsədi xalqı qorxudub onu azadlıq və müstəqillik yolundan döndərmək, Dağlıq Qarabağın işğalına göz yummağa məcbur etməkdən ibarət idi.
Həmin vaxt Azərbaycana rəhbərlik edənlərin bəzisi qorxudan, digərləri isə vəzifə naminə susdular. Xalq təşviş içində idi. Qanlı Yanvar faciəsinin ertəsi günü Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək bəyanat verdi və Azərbaycan xalqının kədərini bölüşdü. Ulu öndər Heydər Əliyev kommunist rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pislədi, xalqına qarşı törədilən qırğınlara, günahsız insanların öldürülməsinə etirazını bildirdi və günahkarların cəzalandırılmasını tələb etdi. Ulu Öndərin bu addımı o dövrdə çətin günlər yaşayan Azərbaycan xalqına böyük dayaq və dəstək oldu. Məhz Heydər Əliyevin bəyanatından sonra Azərbaycan xalqı azadlıq uğrunda mübarizəsini davam etdirdi. Hadisələrdən az müddət sonra Kommunist Partiyasının sıralarını tərk etdiyini elan edən Heydər Əliyev xalqının dar günündə Azərbaycana qayıtmağı özünə borc bildi. Lakin imperiyanın Bakıdakı əlaltıları onu xalqdan uzaqlaşdırmağa çalışdılar və Heydər Əliyev doğulduğu Naxçıvana qayıtmalı oldu. Burada xalq öz liderini hərarətlə qarşıladı və 1990-cı ilin sentyabrında keçirilən seçkilərdə Naxçıvan Ali Sovetinin Sədri seçdi. Ali Sovetin ilk sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə üç mühüm qərar qəbul edildi. Birincisi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirildi və Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırıldı. İkincisi, üçrəngli milli bayraq dövlət bayrağı kimi qəbul edildi. Üçüncü isə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də Qanlı Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verdi. Azərbaycan xalqına qarşı törədilmiş bu siyasi-hərbi cinayətin cavabdehlərinin, günahkarlarının adları açıqlandı. 1993-cü ilin iyun ayında ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra onun Sərəncamı ilə Şəhidlər xiyabanı yenidən quruldu, burada “Əbədi məşəl” abidə-kompleksi yaradıldı, “20 Yanvar” şəhidi fəxri adı təsis edildi, 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi yaxşılaşdırıldı.
Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də bu insanların qayğılarını daim diqqət mərkəzində saxlayır. Azərbaycan Respublikası Prezidentinin fərmanlarına əsasən 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələri üçün təqaüdlərin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
20 Yanvar Azərbaycan xalqının yaşadığı ən böyük acılardan biri, qürur və şərəf günü, kədərlə qəhrəmanlığın birgə nümunəsidir. 20 Yanvar hadisələri xalqı daha çox azadlığa doğru irəliləməyə sövq etdi. Şəhidlərimiz öz qanları ilə Azərbaycanın yeni tarixini yazdılar. Azərbaycan xalqının azadlığa gedən yolunda ilk cığırlar açdılar. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və Azərbaycan suverenlik əldə etdi.