SİYASƏT
İran qəzetində 28 May-Respublika Günü ilə bağlı məqalə dərc edilib
Tehran, 29 may, AZƏRTAC
Azərbaycanın Təbriz şəhərindəki baş konsulluğunun təşəbbüsü ilə “Fəcr Azərbaycan” qəzetində 28 May-Respublika Gününə həsr olunan məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, onun fəaliyyətindən ətraflı bəhs olunur. Bildirilir ki, Xalq Cümhuriyyəti Azərbaycan xalqının çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. 1918-ci il mayın 28-də yaranaraq cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər Azərbaycanın müstəqil dövlətçiliyinin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.
Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. 1918-ci ilin mayından 70 il keçdikdən sonra 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini bərpa etdi. Müstəqilliyi və qanı bahasına alınmış azadlığı qorumaq yolunda Azərbaycan xalqı böyük təzyiqlərə məruz qaldı, əraziləri işğal olundu. Lakin 1993-cü ilin iyununda xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi və Azərbaycan öz müstəqilliyinin yeni inkişaf mərhələsinə qədəm qoydu. Çiçəklənmə, iqtisadi inkişaf dövrü başlandı. Azərbaycan xalqı ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı.
Yazıda qeyd olunub ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də İran İslam Respublikası olub. Qeyd olunub ki, bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Azərbaycan Respublikasında siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran