QAN YADDAŞI
İran saytında “Xocalı soyqırımı-Azərbaycan tarixinin ən dəhşətlə faciəsi” sərlövhəli məqalə dərc olunub
Tehran, 25 fevral, AZƏRTAC
İranın “AVA Diplomatic” saytında “Xocalı soyqırımı - Azərbaycan tarixinin ən dəhşətlə faciəsi” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğu göstərilib, Ermənistanın ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasəti, onun ağır nəticələri barədə bəhs edilib, soyqırımının insanlığa sığmayan hərəkət olduğu vurğulanıb.
Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni silahlı qüvvələri dinc azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı törədiblər. Erməni silahlı qüvvələrinin keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdikləri qanlı qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq olmaqla 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 197 nəfər itkin düşüb.
Diqqətə çatdırılıb ki, Xocalı soyqırımının əsl mahiyyətinin üzə çıxarılmasında və dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin xüsusi xidmətləri olub. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevralında Milli Məclis Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunda Xocalı soyqırımının dünyaya tanıdılması prioritet istiqamətlərdən biridir. Təsadüfi deyil ki, artıq 10-dan çox ölkənin parlamenti Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisində tanıyıb. Habelə ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanlarında Xocalı soyqırımını pisləyən müvafiq qətnamələr qəbul olunub.
Materialda qeyd olunub ki, Azərbaycan xalqı hər il Xocalı soyqırımında həlak olanların xatirəsini anır və Bakıda ucaldılmış Xocalı qurbanları abidəsini ziyarət edir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran