İQTİSADİYYAT
İran şirkəti Azərbaycanda tibb avadanlığı zavodu tikmək məqsədilə tərəfdaş axtarır
Bakı, 19 sentyabr, AZƏRTAC
Tehranda fəaliyyət göstərən “NIAMSH” şirkəti Azərbaycanda tibb avadanlığı zavodu tikmək arzusundadır.
Bu sözləri sentyabrın 19-da Bakı Ekspo Mərkəzində açılan “İran–Proje 2016” II ixtisaslaşmış neft-qaz, əczaçılıq, inşaat, texnika və avtomobil sahəsi üzrə sərgidə şirkətin meneceri Hüsein Hüseini Şirazi AZƏRTAC –a müsahibəsində deyib.
Şirkət təmsilçisi bildirib ki, sərgidə təqdim etdikləri birdəfəlik tibb avadanlığı əsasən cərrahiyyə sahəsində istifadə edilir. Buraya cərrahiyyə tikiş sapları, birdəfəlik şprislər, sistemlər, həkim xalatları və s. daxildir.
Menecer vurğulayıb ki, şirkət İranda tibb avadanlığı istehsal edən 100 zavod inşa edib. Bu müəssisələr İranın bu sahəyə olan ehtiyacının 30 faizini ödəyir.
Azərbaycanda da bu sahəyə kifayət qədər tələbat olduğunu söyləyən Hüsein Hüseini Şirazi təmsil etdiyi şirkətin sərfəli şərtlərlə Bakıda tərəfdaş axtardığını bildirib.
Onun sözlərinə görə, istehsal edilən məhsullar beynəlxalq standartlara tam uyğundur və bir sıra beynəlxalq sertifikatlara layiq görülüb.
Qeyd olunub ki, bir zavodun tikintisi həcmindən asılı olaraq 2-15 milyon ABŞ dolları dəyərindədir.
Hazırda isə şirkət bu sahədə Qırğızıstan, Əfqanıstan, Küveyt, İraq, Ukrayna, Belarus və digər ölkələrlə əməkdaşıq edir.