İQTİSADİYYAT
İran və Azərbaycan arasında ticarət münasibətlərinin davamlı inkişafı müzakirə olunub
Bakı, 26 oktyabr, AZƏRTAC
İran və Azərbaycan arasında ticarət münasibətlərinin davamlı inkişafı müzakirə olunub.
Müzakirələr oktyabrın 26-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında İran İslam Respublikasının Şərqi Azərbaycan əyalətinin iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşdə aparılıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) AZƏRTAC-a verilən məlumata görə, görüşdə İran İslam Respublikasının rəsmi şəxsləri ilə yanaşı, Şərqi Azərbaycan əyalətinin 30-dan çox müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları, həmçinin ASK-nın məsul şəxsləri də iştirak ediblər.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov iki ölkə arasında biznes əlaqələrinin yüksək səviyyədə olduğunu, Azərbaycan və İran iş adamlarının işgüzar əlaqələrinin müsbət nəticələr verdiyini bildirib. Qeyd edib ki, xarici şirkətlərin fəaliyyəti üçün ölkəmizdə əlverişli şərait yaradılıb və İran iş adamları da bu imkanlardan yararlanmaqla fəaliyyətini genişləndirə və ya yeni biznes layihələri həyata keçirə bilərlər. İlin sonunadək İranda keçirilməsi nəzərdə tutulan İran-Azərbaycan biznes forumunun iş adamları arasında birbaşa əlaqələrin qurulması, əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olacağı da istisna edilməyib.
Təbriz Ticarət palatasının üzvü Əlirza Pur Ağabalayi İran və Azərbaycan arasında ticarət münasibətlərinin davamlı inkişaf etməsindən, həyata keçirilən layihələrdən söhbət açıb. Bu əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını qeyd edən qonaq Azərbaycan Sahibkarlar Konfederasiyası ilə yaxından əməkdaşlıq etmək arzusunda olduqlarını dilə gətirib, qarşı tərəfi daha sıx əməkdaşlığa dəvət edib.
Görüşdə Təbriz iş adamları ilə azərbaycanlı həmkarları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı müəyyən razılığa gəlinib.