DÜNYA


İran xalqı kosmetik dəyişiklik yox, köklü islahatlar tələb edir - ŞƏRH

İran xalqı kosmetik dəyişiklik yox, köklü islahatlar tələb edir - ŞƏRH

Tehran, 5 dekabr, AZƏRTAC.

Artıq üç gündür ki, İran cəmiyyətində konstitusiyanın dəyişdirilməsi və baş örtüyü qadağasını aradan qaldırılması barədə müzakirələr aparılır. İran prezidenti İbrahim Rəisi və baş prokuror Məhəmməd Cəfər Möntəziri də konstitusiya dəyişikliyinə müsbət yanaşırlar. İranın siyasi hakimiyyəti kütləvi etirazların qarşısını zorla almağın səmərəsiz olduğunu başa düşüb və güzəştə getmək qərarına gəlib. Baş prokuror əxlaq polisinin ləğv edilməsi məsələsini də irəli sürüb və bu da təsadüfi deyil.

Mühafizəkar baxışları ilə fərqlənən İbrahim Rəisi hakimiyyətə gəldikdən sonra Həsən Ruhani dövründəki qərblə yaxınlaşma siyasətindən uzaqlaşıb radikal kurs yeritrməyə başladı. Prezident seçkilərindən bir il sonra Rəisi əxlaq polisinin sayını artırdı və səlahiyyətlərini genişləndirdi. İslam inqilabının ilk illərində olduğu kimi küçə və meydanlarda əxlaq polisinin patrulları xidmət aparmağa başladılar. Əxlaq polisi küçədə qadınla kişinin əl-ələ tutmasına qarşı çıxır, evlərin damındakı peyk antenalarını müsadirə edir, cəmiyyətdə narazılıq yaradan digər hərəkətlər edirdi. İbrahim Rəisi hökumətinin bu kimi islahatları çox keçmədən öz neqativ nəticəsini ortaya qoydu. Bu ilin sentyabrında əxlaq polisinin Tehranda 22 yaşlı Məhsa Əmininin ölümü ilə nəticələnmiş zorakılığı insanların səbir kasasını daşdıran son damla oldu və ölkəni etiraz dalğası bürüdü.

Artıq dördüncü aydır ki, İranın böyük şəhərlərində etiraz aksiyaları davam edir. Bir sıra şəhərlərdə aksiyalar ixtişaşlara çevrildi, banklar, inzibati binalar dağıdıldı, polis və təcili tibbi yardım avtomobilləri yandırıldı. Aksiya iştirakçılarını ixtişaşlara sövq edən əsas səbəb hökumətin onları terrorçu, xarici dövlətlərin agentləri adlandırması və qəddarlıq oldu. Bu günədək qarşıdurmalarda 500-ə yaxın aksiya iştirakçısı və təhlükəsizlik qüvvələrinin 50-dən çox əməkdaşı həlak olub.

Hadisələrin təhlükəli istiqamətə doğru getdiyini görən hakimiyyət indi konstitusiyanın dəyişməsi və baş örtüyünün aradan qaldırılması kimi təklifləri müzakirəyə çıxarır ki, bununla nisbi sabitliyə nail ola bilsin. Lakin məsələnin mahiyyəti heç də baş örtüyündə deyil. İranda ictimai-siyasi sabitliyin pozulması və aylarla davam edən etirazının əsl səbəbi İran rejiminin yürütdüyü siyasətdir.

Ötən əsrin ortalarında İranda inqilabi proseslər başlayanda cəmiyyətdə heç kim orta əsrlərin şəriət qanunları ilə yaşamağa davam edəcəyini ağlına belə gətirmirdi. İnsanlar dini ədalətin bərqərar olacağına, ölkənin dünya ilə daha çıx inteqrasiyasına, şah rejiminin qəddarlığına son qoyulacağına və ən başlıcası isə zəngin yeraltı sərvətə malik olan ölkədə əhalinin rifahının yüksələcəyinə inanırdılar. Bu inam on minlərlə insanın küçələrə çıxmasına, şah rejimi əleyhinə təşkil olunan kütləvi aksiyalara qatılmasına səbəb olurdu. Lakin 1979-cu il islam inqilabından sonra vəziyyət başqa səmtə yönəldi və çox keçməmiş insanlar gözlədikləri həyat səviyyəsinə çata bilməyəcəklərini anladılar. Məhkəmələrin əl kəsmək, qadınları çadraya məhkum etmək barədə qərarları və digər şəriət qanun-qaydalarının tətbiqi insanların inqilaba münasibətini tamamilə dəyişdi, lokal etirazlar baş qaldırdı. Lakin rejim təbliğat və zor gücünə insanları ram edə bildi. İnqilabdan sonra minlərlə görkəmli ziyalılar, tanınmış alimlər, mədəniyyət xadimləri ölkəni tərk etdilər. Yeni hakimiyyət yeni siyasi xətt tutaraq regionda hökmranlıq etmək üçün “Şiə hilalı” kimi geosiyasi layihələri ortaya atdı. Neft və qazdan əldə olunan milyonlar ölkənin inkişafına və sosial vəziyyətin yüksəlməsinə deyil, region dövlətlərinə təsir etmək üçün yaradılan siyasi və bəzən də silahlı qruplaşmaların maliyyələşməsinə yönəldi. Digər tərəfdən, nüvə proqramını həyata keçirərək dünyanın diqqətini üzərinə çəkdi və sərt sanksiyalara məruz qaldı. Bütün bunlar ölkədə sosial-iqtisadi vəziyyəti son dərəcə ağırlaşdırdı. Artıq əhali təbliğata uymur və anlayır ki, rejimin yürütdüyü siyasət ötən 40 ildə İrana nəinki inkişaf və rifah gətirmədi, əksinə, ölkəni dünyadan təcrid vəziyyətə saldı. Odur ki, konstitusiyada düzəlişlər edilməsi və baş örtüyü qadağasının aradan qaldırılması çıxış yolu deyil. İran xalqı bu kimi kosmetik dəyişiklik yox, köklü islahatlar aparmağı və siyasi iddialara son qoymağı tələb edir. Getdikcə daha aydın görünür ki, İran hakimiyyətinin bu tələbləri yerinə yetirməsi qaçılmazdır.

Yuxarıda deyilənləri nəzərə alaraq belə bir qənaətə gəlmək olar ki, İranda davam edən kütləvi aksiyalar heç də təkcə qadın hüquqlarının müdafiəsi və digər bu kimi məsələlərlə əlaqəli deyil. İnsanlar rejimin dəyişməsini istəyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.