DÜNYA
İran yanlışlıqla vurulan Ukraynaya məxsus təyyarənin “qara qutusu”nu Fransaya göndərəcək
Tehran, 23 iyun, AZƏRTAC
İran yanlışlıqla vurulan Ukraynaya məxsus təyyarənin “qara qutusu”nu Fransaya göndərəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. Kanadalı həmkarı Fransua Filiplə telefon əlaqəsi saxlayan M.Zərif deyib ki, rəsmi Tehran Ukrayna tərəfi ilə qəzada həlak olanların ailələrinə kompensasiya verilməsini müzakirə etməyə hazırdır.
Sərnişin təyyarəsinin Tehran üzərində İran hərbçiləri tərəfindən yanvarın 8-də vurulmasına baxmayaraq, bu günə kimi onun “qara qutusu”ndakı məlumatlar oxunub təhlil olunmayıb və həlak olanların ailələrinə kompensasiya verilməyib.
Məsələyə münasibətini bildirən Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, İran həlak olanların ailələrinə təzminat ödənilməsini gecikdirsə rəsmi Kiyev beynəlxalq məhkəməyə müraciət edəcək.
Xatırladaq ki, cari il yanvarın 8-də Tehranın beynəlxalq hava limanından Kiyevə uçan “Boeing-737” sərnişin təyyarəsi İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən yanlışlıqla raketlə vurulub. Nəticədə təyyarənin ekipajı ilə yanaşı, Ukrayna, Kanada, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları olan 176 sərnişin həlak olub.
Hadisə ilə əlaqədar İranda 6 hərbçi həbs edilib ki, onlardan da 3-ü ev dustağıdır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran