SİYASƏT
İrana qonşu ölkələr arasında Azərbaycanın özünəməxsus yeri var
İranın xarici siyasətində qonşu ölkələrlə əlaqələrin inkişaf etdirilməsi prioritet məsələlərdəndir. Qonşu ölkələr arasında isə Azərbaycanın özünəməxsus yeri var.
Fars xəbər agentliyinin məlumatına görə, bu sözləri İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Cavad Cahangirzadə deyib.
C.Cahangirzadə bildirib ki, İran ilə Azərbaycan dost və qardaş ölkələrdir, xalqlarımızı bir-birinə dərin tarixi, mədəni və dini köklər bağlayır. Bu bağlar və hər iki ölkə prezidentlərinin dostluq münasibəti Azərbaycan ilə İran arasında əlaqələrin inkişaf etdirilməsi üçün zəmin yaradır.
Deputat Azərbaycan və İran arasında hazırda ticarət dövriyyəsinin 500 milyon dollar təşkil etdiyini, bu rəqəmin iki qardaş ölkənin potensialına uyğun olmadığını söyləyib. O, əlavə edib ki, bu rəqəm bir neçə dəfə artırılmalıdır. C.Cahangirzadə vurğulayıb ki, Azərbaycan ilə İran arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş imkanlar var. Hər iki ölkənin enerji, ticarət və sənaye sahələrində əməkdaşlığı genişləndirməsi önəmlidir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran