DÜNYA
İranda 75 milyon insana koronavirusa qarşı peyvənd vurulub
Tehran, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 23-dən etibarən İran turist səfərləri üçün viza verməyə başlayacaq və sərhədləri açacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın turizm, əl işləri sənayesi və mədəni irs naziri İzətullah Zərqami məlumat verib. Onun sözlərinə görə koronavirus pandemiyası ilə əlaqədar olaraq ötən ilin martında bağlanan sərhədlər turistlər üçün açılacaq.
Nazir nəzərə çatdırıb ki, İranda 75 milyon insana koronavirusa qarşı peyvənd vurulub. Bunun nəticəsi olaraq ölkədə virusa yoluxma və ölüm hallarında azalma müşahidə edilir. Onun sözlərinə görə İrana daxil olan turistlərdən sərhəd-keçid məntəqələrində koronavirus testi götürüləcək.
İranın Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya əsasən isə son 24 saat ərzində ölkədə 11 min 770 nəfərin koronavirusa yoluxması, 124 nəfərin isə yoluxaraq ölməsi faktı qeydə alınıb. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 5 milyon 821 min 737 nəfərə, bu xəstəlikdən ölənlərin ümumi sayı isə 124 min 585-ə çatıb.
Xəstəxanalarda müalicə alan 4 min 559 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 5 milyon 361 min 161 xəstə sağalaraq evə buraxılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran