ELM VƏ TƏHSİL
İranda Azərbaycan vətəndaşlarının casusluq ittihamı ilə həbs olunması molla rejiminin iç üzünü göstərir

Bakı, 3 iyun, AZƏRTAC
Çoxəsrlik ortaq tarix və mədəniyyətin varisləri olan Azərbaycanla İran arasında münasibətlər hər iki ölkənin xarici siyasətində önəmli yer tutub. Buna baxmayaraq, İran Azərbaycana münasibətdə illər boyu anlaşılmaz, ziddiyyətli siyasət yürüdüb. Ölkəmizin 2020-ci ilin payızında apardığı Vətən müharibəsində ərazi bütövlüyünü təmin etməsini heç cür qəbul etməyən İran hakimiyyəti bizə qarşı münasibətini açıq-aydın kəskinləşdirib, hətta bunu düşmənçilik həddinə çatdırıb.
İran Cənubi Qafqazda sülh prosesinə daim mane olur, təcavüzkar Ermənistanda revanşizmə dəstək verir, Azərbaycanı guya onun təhlükəsizliyinə təhdid yaratmaqda təqsirləndirir. Azərbaycan-Ermənistan münaqişəsində və hətta Azərbaycanın Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra İranın strateji müstəviyə yüksələn ermənipərəst mövqeyi iki ölkənin münasibətlərini mürəkkəbləşdirən önəmli amillərdən biridir. Ermənistanla sülh müqaviləsi istiqamətində görülən işlərin intensivliyi artdıqca, sülh yaxınlaşdıqca İran daha da aqressivləşir. İran molla rejiminin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi imzalanmasını, bütövlükdə regiona dinclik, əmin-amanlıq gəlməsini istəmədiyi ortadadır.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri professor Əli Zalov söyləyib. O bildirib ki, İran ərazisində ora səfər edən vətəndaşlarımıza qarşı daim təhlükə mövcud olub. Belə ki, Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Bioloji sistemlər fizikası laboratoriyasının aparıcı elmi işçisi Rəşid Əliyevi hələ 2008-ci ildə İran İslam Respublikasında polis viza problemi olduğunu bəhanə gətirərək həbs etmişdi. Bu yaxınlarda azərbaycanlı tələbənin İranda casusluq ittihamı ilə həbs olunduğu bildirilir. İranın Azərbaycan vətəndaşlarına qarşı bu cür absurd ittihamlar irəli sürüb həbs etməsi halları zaman-zaman baş verib. İranda Azərbaycan vətəndaşlarının casusluq ittihamı ilə həbs olunması molla rejiminin əsl mahiyyətini açıq nümayiş etdirir. Deməli, müasir İran dövləti molla rejiminin tarixi ənənəsinə sadiq qaldığını göstərir.
“Bu deyilənlərdən belə qənaətə gəlmək olar ki, İran təhlükəli ölkədir, ora səfər etmək Azərbaycan vətəndaşları, eləcə də digər əcnəbilər üçün ciddi problemlərə səbəb ola bilər. İranla sərhədlər bağlı olsa da, bəzi vətəndaşlarımız oraya üçüncü ölkələr vasitəsilə səfər edirlər. Elə Fərid Səfərli də İrana Almaniyadan səfər edib. Nəticə isə budur ki, o, İran xüsusi xidmət orqanlarının qondarma ittihamı ilə üzləşərək haqsız yerə həbs olunub. Molla rejimi ilə idarə olunan ölkəyə səfər edən azərbaycanlıların xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilməsinə cəhdlər edilir, bu alınmadıqda isə həbs edilir və ciddi problemlər yaşamağa məcbur olurlar”, - deyə Ə.Zalov əlavə edib.