DÜNYA
İranda COVID-19-a yoluxanların sayı 6 milyona yaxınlaşıb
Tehran, 8 sentyabr, AZƏRTAC
İranda peyvənd çatışmazlığı problemi həllini tapmağa başlayıb. İranın Qırmızı Aypara Cəmiyyəti qarşıdakı 2 həftə ərzində ölkəyə 10 milyon doza peyvənd gətirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə cəmiyyətin sədri Həsən Müqəddam jurnalistlərə verdiyi açıqlamada bildirib. O deyib ki, ilk 5 milyon doza sentyabrın 9-da Tehrana daxil olacaq. Bundan başqa Ümumdünya Səhiyyə Təşkilatı İranda yaşayan xarici ölkələrin vətəndaşlarının peyvəndlənməsi üçün 4 milyon doza peyvənd göndərəcək. İrana gətiriləcək Çin istehsalı olan “Sinovac” peyvəndidir.
İranın Səhiyyə Nazirliyinin məlumatına əsasən isə son 24 saat ərzində ölkə ərazisində 26 min 854 nəfərin koronavirusa yoluxması, 538 nəfərin isə bu xəstəlikdən ölməsi faktı qeydə alınıb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 5 milyon 210 min 978 nəfərə, ölənlərin ümumi sayı isə 112 min 430-a çatıb. İran xəstəxanalarında müalicə alan 7 min 534 yoluxan xəstənin vəziyyəti ağır olaraq qalır. Bu günə kimi koronavirusdan müalicə alan 4 milyon 453 min 651 nəfər sağalaraq evə buraxılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran