DÜNYA
İranda COVID-19-un dördüncü dalğası ağır keçir
Tehran, 27 aprel, AZƏRTAC
Yaxın günlərdə Rusiyadan alınan lisenziya əsasında İranda “Sputnik V” peyvəndinin istehsalına başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Rusiyadakı səfiri Kazım Cəlali jurnalistlərə deyib. O bildirib ki, İran öz əhalisinin peyvəndlə tamamilə təmin etdikdən sonra regionun kasıb ölkələrinə də köməklik göstərəcək.
Xatırladaq ki, 60 milyon doza peyvənd almaq üçün razılaşma əldə olunub. Peyvəndin az bir hissəsini Rusiya İrana verib. Lakin sonra tərəflər peyvəndin İranda istehsal olunması haqqında razılıq əldə ediblər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Rusiya 60 milyon doza peyvəndi istehsal edib İrana verə bilmir. Ona görə də peyvəndin İranda Rusiyanın lisenziyası əsasında istehsalı barədə razılıq əldə olunub. İstehsal prosesində hər iki tərəfdən mütəxəssislər iştirak edəcəklər.
Bu arada isə İranda COVID-19-un dördüncü dalğası başlayıb və vəziyyət o qədər də ürəkaçan deyil. Koronavirusdan ölənlərin sayı 70 mini keçib. Bu günə olan məlumata görə son sutka ərzində koronavirusa yoluxanların sayı 21 mindən çoxdur, 496 nəfər isə həyatını itirib. İranda yoluxanların ümumi sayı 2 milyon 417 min 320 nəfərə çatıb. Bununla yanaşı 1 milyon 892 min 229 nəfər virusdan müalicə olunaraq evə buraxılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran