DÜNYA
İranda COVID-19-un yayılmasında tədricən azalma müşahidə edilir
Tehran, 11 sentyabr, AZƏRTAC
Bu gün İrana 3 milyon 200 min doza “Sinovac” peyvəndi gətirilib ki, bununla da ölkəyə idxal olunan peyvəndin sayı 50 milyon dozaya çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Gömrük Baş İdarəsinin nümayəndəsi Mehrdad Camali verib. O bildirib ki, peyvəndin 45 faizi yalnız cari ay ərzində ölkəyə idxal olunub. Yaxın günlərdə İranın Qızıl Aypara Cəmiyyəti əlavə olaraq 5 milyon doza peyvəndi də ölkəyə gətirəcək.
İranın Səhiyyə Nazirliyi isə açıqlama verərək son 24 saat ərzində ölkədə koronavirusa 16 min 654 nəfərin yoluxduğunu, 444 nəfərin isə bu xəstəlikdən öldüyünü bildirib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 5 milyon 275 min 567 nəfərə, yoluxaraq ölənlərin ümumi sayı isə 113 min 824-ə çatıb. Xəstəxanalarda müalicə alan 7 min 347 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda bu günə kimi müalicə olunan 4 milyon 538 min 419 nəfər sağalaraq evə buraxılıb.
Səhiyyə Nazirliyi qeyd edir ki, virusun yayılmasında tədricən də olsa azalma müşahidə edilir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran