MƏDƏNİYYƏT


İranda doğulub Naxçıvanda dəfn edilən azərbaycanlı mütəfəkkir

Tehran, 23 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi bu böyük Azərbaycan şairinin siyasi baxışları, yaşadığı dövr, əhatəsində olan şəxsiyyətlər barədə mövzunu aktuallaşdırıb. Nəsimi XIV əsrin sonu və XV əsrin əvvəllərində Azərbaycanda, Anadoluda və İranda geniş yayılmış hürufilik təriqətinin görkəmli nümayəndələrindən biri idi. Bu təlimin əsası Fəzlullah Nəimi tərəfindən qoyulmuşdu. Lakin tədqiqatçıların fikrincə, Nəsimi olmasaydı, hürufilik bu qədər geniş coğrafiyada yayıla bilməzdi.

Söhbətimiz Nəsiminin müasiri və müəllimi, hürufilik təriqətinin yaradıcısı, sufi alim və şair Şеyx Əbdürrəhman ibn Məhəmməd Fəzlullah Nəimi Əl-Hürufi haqqındadır. O, 1339-cu ildə İranın Astarabad şəhərində doğulmuşdu. Papaq tikib satmaqla dolansa da, hələ gənc yaşlarından elmə böyük maraq göstərirdi. Kəbəni ziyarət etdikdən sonra Xorasana qayıdan Nəimi burada təhsil alaraq “şeyx” rütbəsinə yüksəlmişdi. İranlı tədqiqatçı Bəhram Əsədi yazır ki, hürufilik insanları mənəvi saflığa çağırdığına və dünya malından imtina etməyə, hökmdarları qan tökməməyə səslədiyinə görə hakim dairələrin qəzəbinə tuş gəlmişdi.

Orta əsr müəllifləri birmənalı şəkildə qeyd edirlər ki, “əcəm” Nəimi öz təlimini ilk dəfə 1386-cı ildə Təbrizdə açıqlayıb (həmin dövrdə Orta Asiya və Yaxın Şərqdə Azərbaycan türklərinə “əcəm” deyirdilər). Fəzlullah Nəiminin hürufilik təlimi insanları tərkidünyalığa, haqqa, ədalətə səsləyirdi. Onun tərəfdarlarının getdikcə artması hakim və dini dairələrin maraqlarına zidd idi. Buna görə də Nəimiyə təzyiq göstərib Təbrizdən getməsinə nail oldular.

İsfahana köçən Nəimi burada təlimini daha geniş dairədə yaymaq imkanı əldə etdi. O, bir neçə müridi (şagirdi) ilə şəhər ətrafındakı Gilu dağındakı mağaralardan birində yaşayır, hürufiliyin insanlara xeyir gətirəcəyi barədə traktatlar yazaraq müridləri vasitəsilə əhali arasında yayırdı. Onun “Cavidannamə”, “Məhəbbətnama”, “Ərsnamə”, “Vəsiyyətnamə” əsərlərində belə bir fikir təlqin olunurdu ki, kamil insan Allahın bir parçasıdır. Allah hər bir zərrəcikdə mövcuddur. Tədqiqatçılar “Cavidannamə” əsərini Quranın təfsiri hesab edirlər. Həmin dövrdə Nəimini Allahsız hesab etsələr də, o, Allahı əsla inkar etmir və şəriət qanunlarını dövrün tələbinə uyğun olaraq izah etməyə çalışırdı.

İsfahanda təlimini kifayət qədər yaymağa nail olan Nəimi Bakıya gəlir və burada da geniş təbliğat işlərinə başlayır. O vaxt Azərbaycan monqol işğalı ilə üzləşmişdi. Qızıl Orda xanı Toxtamış 1385-ci ildə 100 minlik qoşunla yürüş edərək Dərbəndi, Şirvanı ələ keçirdikdən sonra Təbrizi mühasirəyə alır. Şəhər əhalisinə təslim olduqları halda onlara toxunmayacağı vədini verən Toxtamış sözündən qaçır və Təbrizi yerlə-yeksan edərək əhaliyə divan tutur. Sonra Mağara, Mərənd və Naxçıvanı da qarət edən Toxtamış 200 min nəfəri əsir götürərək Qızıl Ordaya qayıdır.

Bu hadisədən sonra əhalidə monqollara böyük nifrət yaranır. Hürufilər də xalqı istilaçılara qarşı çıxmağa sövq edirlər. Daha sonra Şərqin ən böyük fatehlərindən olan Əmir Teymurun Azərbaycana yürüşü başlayır. Yenə də Təbriz, Naxçıvan ələ keçirilir. Təbrizdə törədilən qətllərdən ehtiyatlanan Şirvanşah İbrahim 9 qızıl çadır, 9 qızıl qılınc və 9 mücrü qızılı və 8 qulu 9 dəvəyə yükləyərək Əmir Teymuru qarşılamağa gedir. Teymur hədiyyələrə göz gəzdirərək hər şeyin 9 ədəd, yalnız qulların 8 nəfər olduğunu görür və İbrahimdən bunun səbəbini soruşur. Şirvanşah İbrahim belə cavab verir: “Doqquzuncu qul mən özüməm”. Bu yolla Şirvanı qarətdən qurtaran İbrahim nominal müstəqillik əldə edir.

Lakin bir tərəfdən Naxçıvanın Əlincə qalasını ala bilməməsi, digər tərəfdən isə Nəsiminin sayəsində işğala qarşı çıxan hürufilərin fəaliyyəti Teymuru rahat buraxmır. Mənbələrdə Nəsimi ilə Əmir Teymurun görüşü haqqında da məlumat verilir. Teymur Nəsimiyə rəğbət bəsləməsə də, onu edam etdirmir. Sərkərdələrindən isə tələb edir ki, Əlincəni tez bir zamanda ələ keçirsinlər. Lakin onu inandırırlar ki, illər boyu Teymurun qoşununun qarşısında hamı aciz olsa da, Nəimi Azərbaycana gəldikdən sonra əhalinin müqaviməti artıb. Əlincə qalasının müqavimət göstərməsinə səbəb məhz hürufilər və onların başçısı Nəimidir.

Monqolların Azərbaycana yürüşləri zamanı Əlincə qalası 14 il mühasirədə qalmışdı. Nə Toxtamış, nə də Teymur bu qalanı fəth edə bilməmişdilər. Teymur oğlu Miranşahı Azərbaycan hakimi təyin edir. Lakin Miranşahın eyş-işrətə uyması səbəbindən Teymur Azərbaycanda möhkəmlənə bilmir. Beləliklə, qərara alınır ki, hürufilərin başçısı Fəzlullah Nəimi məhv edilməlidir. Çox axtarışdan sonra Teymur müttəfiqi Şirvanşah İbrahimin köməyi ilə 1394-cu ildə Nəimini tutub edam etdirir. Bundan sonra hürufilik hərəkatı zəifləyir. Sonralar Nəsimi də Suriyanın Samirə şəhərində işgəncə ilə öldürülür.

Nəiminin məhz Əlincədə edam edilməsi simvolik xarakter daşıyırdı. Teymur göstərmək istəyirdi ki, ona qarşı çıxan hər kəsin aqibəti belə faciəli olacaq. Hürufilər Fəzlullahın ölümü barədə verilmiş fətvanı istehza ilə “küfri-iman” adlandırırdılar. Yəni Fəzlullah yalnız cismani olaraq ölüb, onun ruhu isə ölməzdir.

Hürufiliyin Azərbaycanda geniş yayılmasının tarixi səbəbi 200 yüz il monqol əsarətində yaşayan xalqın yeni ideologiyaya ehtiyacının olması ilə izah edilir. Boyunduruq altında yaşamaqdan təngə gələn xalq məhz bu ideyaya əsaslanıb yadellilərə qarşı mübarizəyə başlamaq istəyirdi. Nəiminin edama məruz qalması da onun təlimi ilə deyil, siyasi baxışları ilə bağlı idi.

Edamdan sonra Fəzlullah Nəiminin tərəfdarları onun cəsədinin parçalarını toplayaraq bir türbədə dəfn edirlər. Naxçıvanın Culfa rayonunun Xoşkeşin kəndi yaxınlığında yerləşən, XIII əsrə aid bu tarixi türbə el arasında “Xorasan Şeyxinin türbəsi” adlandırılır. Tarixçilər hesab edirlər ki, onun belə adlanması təsadüfi deyil. O dövrdə Nəimi Naxçıvanda “Xorasandan gələn şeyx” kimi tanınırdı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təmir edilmiş həmin türbə bu gün turistlərin ən çox ziyarət etdiyi tarixi məkanlardan biridir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.