DÜNYA
İranda koronavirusa yoluxan 101 və 103 yaşlı bacılar müalicə olunaraq sağalıblar
Tehran, 4 sentyabr, AZƏRTAC
İranın Səhiyyə Nazirliyi Pastera, Razi və SinnGen elmi tədqiqat institutları tərəfindən istehsal edilən peyvəndlərə lisenziya verib. Keçirilən sınaqlar bu institutlar tərəfindən hazırlanan peyvəndlərin yararlı olduğunu göstərib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı səhiyyə və tibbi təhsil naziri Bəhyram Eynullahi verib. O bildirib ki, İran peyvəndləri xarici peyvəndlərdən nəinki geridə qalmır, əksinə bir sıra göstəricilərinə görə onları üstələyir.
Nazir nəzərə çatdırıb ki, hazırda ölkədə əhalinin peyvəndlənməsi prosesi davam edir və 30 milyona yaxın insana peyvənd vurulub. Onun sözlərinə görə ölkədə 2022-ci ilin fevralına kimi əhalinin 95 faizinə peyvənd vurulacaq. Hazırda “Cov İran Barakat” peyvəndindən istifadə olunur.
Səhiyyə Nazirliyin açıqlamasına görə son 24 saat ərzində İranda 20 min 404 nəfər virusa yoluxub, 515 nəfər isə bu xəstəlikdən həyatını itirib. Bununla da ölkədə yoluxanların ümumi sayı 5 milyon 103 min 537 nəfərə, ölənlərin ümumi sayı isə 110 min 64-ə çatıb. Müalicəsi davam edən 7 min 744 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda bu günə kimi 4 milyon 332 min 892 nəfər sağalaraq evə buraxılıb.
İranın Minab şəhərində koronavirusa yoluxan 101 və 103 yaşlı bacılar müalicə aldıqdan sonra sağalıblar. Hazırda onlar evə buraxılıb və özlərini yaxşı hiss edirlər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran