DÜNYA
İranda koronavirusun “omikron” ştamına daha çox uşaqlar yoluxur
Tehran, 19 fevral, AZƏRTAC
Bu gün İran Prezidenti İbrahim Rəisinin rəhbərliyi ilə Koronavirusa qarşı milli mübarizə qərargahının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda virusun yayılması və ölüm hallarının artması məsələsi müzakirə olunub. Qeyd olunub ki, koronavirusun “omikron” ştamına daha çox uşaqlar yoluxduğu üçün uşaq bağçalarının bağlanması müddəti uzadılıb. Bununla yanaşı, bir sıra müəssisələrin əməkdaşları internet üzərindən evdən işləyə biləcəklər. İclasda tibbi protokol qaydalarına ciddi əməl olunması barəsində tapşırıqlar verilib.
Səhiyyə Nazirliyinin açıqlamasına əsasən son sutka ərzində İranda 12 min 58 nəfərin virusa yoluxması, 191 nəfərin isə bu xəstəlikdən ölməsi faktı qeydə alınıb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 6 milyon 925 min 485 nəfərə, ölənlərin ümumi sayı isə 134 min 798-ə çatıb.
Ölkə üzrə müxtəlif xəstəxanalarda müalicə alan 4 min 11 nəfər COVID-19 xəstəsinin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, bu günə kimi müalicə alan 6 milyon 458 min 629 xəstə sağalaraq evə buraxılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran