DÜNYA
İranda prezident seçkiləri davam edir
Tehran, 18 iyun, AZƏRTAC
Prezident seçkiləri davam edir və bəzi xırda pozuntular nəzərə alınmazsa hələlik heç bir problem müşahidə edilməyib.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Seçki Qərargahının nümayəndəsi Abbasəli Kəndxudayi jurnalistlərə bildirib. O qeyd edib ki, bəzi məntəqələrdən daxil olan şikayətlərə dərhal baxılıb və qərar qəbul edilərək problemlər aradan qaldırılıb. Bu xırda pozuntular seçkinin nəticəsinə təsir göstərə bilməz. Seçki prosesi qanunauyğun şəkildə davam edir.
Verilən məlumatlara əsasən səhər saat 07:00-dan saat 19:30 qədər İran üzrə 22 milyon adam sesvermədə iştirak edib ki, bu da seçicilərin 37 faizi deməkdir. Seçkilərdə iştirakçı sayının 50 faizi keçəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki seçki prosesi gecə saat 00:00 kimi davam edəcək. Zərurət yaranacağı təqdirdə Seçki Qərargahının qərarı ilə səsvermə vaxtı gecə saat 2-yə qədər uzadılacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran