DÜNYA
İranda qatar qəzası: həlak olanların sayı 31 nəfərə yüksəlib [YENİLƏNİB] VİDEO
Bakı, 25 noyabr, AZƏRTAC
Frans Press agentliyinin yaydığı son məlumata görə, İranın Semnan əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində həlak olanların sayı 31 nəfərə yüksəlib. Yetmiş nəfərdən çox insan isə xəsarət alıb.
Bu barədə əyalətin qubernatoru Məhəmməd Reza Xabbaz İran televiziyasının efirində məlumat verib.
15:16
İranın Semnan əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində həlak olanların sayı 15 nəfərə çatıb. Daha 62 nəfərin isə yaralandığı bildirilir.
AZƏRTAC xəbər verir ki, Press TV kanalı bu barədə İran Qırmızı Aypara Təşkilatının nümayəndəsinə istinadla məlumat yayıb.
Qəza bu gün səhər İmamşəhr şəhərindəki dəmir yolu stansiyasında baş verib. Platformada dayanmış qatara digər sərnişin qatarı çırpılıb. Toqquşma nəticəsində dörd vaqon relsdən çıxıb, ikisi isə yanıb.
Hadisə yerinə tibb işçiləri və digər fövqəladə xidmət orqanlarının əməkdaşları cəlb olunublar. Qarlı və şaxtalı hava şəraiti xilasedicilərin işini çətinləşdirir.