DÜNYA


İranda törədilən terror aktı nəticəsində üç nəfər ölüb

Tehran, 6 dekabr AZƏRTAC

İranın ən böyük liman şəhəri olan Çabaharda terror aktı törədilib.

AZƏRTAC xəbər verir ki, bu gün səhər saatlarında terrorçu-kamikadze partlayıcının quraşdırıldığı avtomobili şəhərin polis idarəsinin binası istiqamətində sürüb. Avtomobil binaya toxunaraq partlayıb.

Sistan-Bəlucistan valisinin təhlükəsizlik məsələləri üzrə müavini Məhəmmədəli Məraşi mətbuata verdiyi açıqlamada bildirib ki, partlayış nəticədə 3 nəfər ölüb, 19 nəfər yaralanıb.

Hadisə şahidləri qeyd edirlər ki, partlayışdan sonra avtomat silahlardan atışma səsləri eşidilib. Ehtimal edilir ki, partlayışdan sonra polis idarəsinə silahlı hücum və polis əməkdaşları ilə terrorçular arasında silahlı toqquşma olub.

Hadisə yerində araşdırma aparılır.

Xatırladaq ki, İran Çabahar limanı vasitəsilə Hindistan, Çin və Cənub Şərqi Asiyanın digər dövlətləri ilə idxal-ixrac əməliyyatları həyata keçirir. Bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında da mühüm rola malikdir. Cənub-Şərqi Asiya ölkələri Avropaya bu limanla məhsul ixrac edirlər. Cari ilin fevral ayında Hindistan hökuməti Çabahar limanının yenidən qurulması və müasir avadanlıqlarla təchiz edilməsi üçün İrana 2 milyard dollar kredit ayırıb. Həmin ay Prezident Həsən Ruhani Sistan-Bəlucistan vilayətinə səfər edərək Çabahar limanında aparılan işlərlə tanış olub və yeni terminalın açılışını edib.

Nəzərə çatdıraq ki, İranın Sistan-Bəlucistan vilayəti ərəblərin yığcam yaşadığı bölgədir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.