CƏMİYYƏT
İrandan Azərbaycana 3 kiloqrama yaxın tiryək keçirmək istəyən şəxs yaxalanıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər. Sərhədçilərimizin sayıqlığı sayəsində növbəti dəfə narkotik vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 18-də saat 23:20 radələrində Cəlilabad rayonunun Məlikqasımlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində qabaqlayıcı əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2 kiloqram 800 qram tiryəki İrandan Azərbaycana gətirmək istəyən İran vətəndaşı Hidayi Səid Səxavət yaxalanıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucusu ilə cinayət əlaqəsində olan Cəlilabad rayon sakini Niftullayev Əhəd Ədalət oğlu narkotik maddəni ondan qəbul edərkən saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.