İrandan Azərbaycana idxal edilən bibər məhsullarında uyğunsuzluqlar aşkarlanıb
AzerTAg.az

Bakı, 23 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi İran İslam Respublikasından idxal olunan bibər məhsullarından nümunələr götürərək qida təhlükəsizliyi göstəriciləri üzrə müayinələrə cəlb edilməsi məqsədilə agentliyin tabeliyindəki Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aparılan ekspertizanın nəticələrinə əsasən, İran İslam Respublikasından ixracatçı şirkətlər “Bazargani Amanj Sahragard”a məxsus “Green Fruit-22” MMC tərəfindən idxal olunan 12428 kiloqram bibər məhsulunda “Carbendazim”in, “Azin Pishro Azarin”a məxsus “Dry Fruits” MMC tərəfindən idxal edilən 6650 kiloqram bibər məhsulunda “Etoxazole”un, “Rahim Moradian”a məxsus Hüseynov Şahverən Hüseynqulu tərəfindən idxal olunan 8250 kiloqram bibər məhsulunda “Etoxazole”un, “Vahid Rezael Pour”a məxsus “Dry Fruits” MMC tərəfindən gətirilən 13165 kiloqram bibər məhsulunda “Carbendazim”in, “Rasool Soleymanpour”a məxsus “Şaiqoğlu” MMC tərəfindən idxal olunan 6000 kiloqram bibər məhsulunda isə “Acetamiprid”in maksimum qalıq miqdarı üzrə ümumilikdə, 46493 kiloqram məhsulda uyğunsuzluq (pestisid qalığı) aşkarlanıb.
Bununla əlaqədar, agentlik tərəfindən İranın Kənd Təsərrüfatı Nazirliyi – Cahad bitki mühafizə təşkilatına uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi istənilib. Buna baxmayaraq uyğunsuzluqların aşkarlanması halları davam edir.
Aşkarlanan hallarla bağlı 2023-cü il mayın 17-dən (həmin tarixə qədər sertifikatlaşdırılmış məhsullar istisna olmaqla) İran İslam Respublikasında fəaliyyət göstərən “Bazargani Amanj Sahragard”, “Azin Pishro Azarin”, “Rahim Moradian”, “Vahid Rezael Pour” və “Rasool Soleymanpour” ixracatçı şirkətlərin, həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən “Green Fruit-22” MMC, “Dry Fruits” MMC, Hüseynov Şahverən Hüseynqulu və “Şaiqoğlu” MMC-nin İrandan Azərbaycana bibər məhsulunun idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Azərbaycan Respublikası ərazisinə idxal olunan qida məhsullarında aşkarlanan uyğunsuzluqlarla bağlı görülən tədbirlər haqqında Dövlət Gömrük Komitəsinə müvafiq məktub ünvanlanıb.
Xəbərin mətnində orfoqrafik səhv var