CƏMİYYƏT
İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən sərhəd pozucuları saxlanılıblar
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) sərhəd mühafizəsinin etibarlı təmin olunması sahəsində tədbirləri davam etdirir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 10-da daxil olan əməliyyat məlumatına əsasən, DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Belə ki, həmin gün saat 02:40 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon Arvana kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan naməlum iki şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə olunub.
Sərhəd pozucuları hərbi qulluqçular tərəfindən saxlanılaraq sərhəd zastavasına gətirilib. Onların üzərinə baxış keçirilərkən əl çantasının içərisində 6 ədəd polietilen bağlamada 5 kiloqram tiryək aşkarlanıb.
Saxlanılmış sərhəd pozucularının şəxsiyyəti müəyyənləşdirilib. Onların İran İslam Respublikası vətəndaşları, 1990-cı il təvəllüdlü Pənahi İbrahim Əli və 1993-cü il təvəllüdlü Nəravi Mehdi Əhməd olmaları məlum olub.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.