İQTİSADİYYAT
İrandan Azərbaycana üzərində erməni dilində yazıları olan mallar niyə göndərilib? VİDEO
Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycan gömrükçüləri indiyə qədər rastlaşmadıqları hüquqpozma faktı ilə üzləşiblər. Belə ki, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda digər malların içərisindən gömrük orqanına bəyan edilməyən, üzərindəki yazılara görə Ermənistan Respublikasının istehsalı olan inşaat malları aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, indiyədək ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhd edilən Ermənistan malları adətən qida məhsulları və alkoqollu içkilərdən ibarət olub. Bu dəfə aşkarlanan mallar isə inşaat işlərində istifadə edilən silikon məmulatı üçün 24 min 820 ədəd qab və silikon məmulatı qabları üçün nəzərdə tutulan 1050 ədəd boş karton qutudur. Bu malların İranda fəaliyyət göstərən şirkət tərəfindən Azərbaycanda fiziki şəxsin ünvanına göndərildiyi müəyyənləşdirilib.
Bəs üzərində erməni dilində yazıları olan bu mallar Azərbaycana nə məqsədlə gətirilib?
Faktla bağlı Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən birgə araşdırma aparılır.