CƏMİYYƏT
İrandan gələn 7 nəfər həkim müşahidəsi üçün Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Bakı, 26 fevral, AZƏRTAC
Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün 7 nəfər yerləşdirilib. Həkim müşahidəsinə götürülənlərin 2-si Azərbaycan, qalanları İran İslam Respublikası vətəndaşlarıdır. Onlardan 6-sının vəziyyəti normaldır, səhhətlərində hər hansı problem aşkarlanmayıb, bir nəfərin bədəninin hərarəti normadan yüksək olduğuna görə onun üzərində həkim nəzarəti aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində Azərbaycan vətəndaşları müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həmin xəstəxanadan verilən məlumata görə, həkim müşahidəsinə götürülənlərdən 2 nəfərinin hərarəti normadan bir qədər yüksəkdir. Səhhətlərində ciddi problem aşkarlanmayıb. Onu da qeyd edək ki, onların əksəriyyəti İrana ziyarətə gedənlərdir.
Məlumatda ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədilə sosial şəbəkələr vasitəsilə yayılan yalan məlumatlara etibar etməməyi, kütləvi informasiya vasitələrindən isə xəbər başlıqlarının məzmununda çaşqınlığa səbəb olan ifadələrdən istifadə etməmək xahiş olunur.