CƏMİYYƏT


İrandan idxal edilən bibər məhsulunda qonur qırışıqlıq virusu aşkar edilib

Bakı, 15 yanvar, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından “Palen AS” MMC tərəfindən idxal edilən 11 min 657 kiloqram, “Amotrade” MMC tərəfindən idxal olunan 7 min 500 kiloqram, “Tissot” MMC tərəfindən idxal olunan 7 min 200 kiloqram bibər məhsulundan götürülən nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkarlanıb.

Nümunələrin götürülməsi zamanı yük sahiblərinin və onların səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilib, ekspertiza keçirilənə qədər məhsul partiyalarının toxunulmazlığı barədə yük sahibləri xəbərdarlıq edilərək onlardan iltizam alınıb.

Qanunvericiliyə və beynəlxalq təcrübəyə əsasən, idxal olunan bibər məhsulunda qonur qırışıqlıq virusu aşkar olunarsa, məhsul aidiyyəti qurumun iştirakı ilə fitosanitar karantin tələblərinə əməl edilməklə məhv edilir. Beləliklə, virus aşkarlanan “Amotrade” MMC və “Tissot” MMC-yə məxsus bibər məhsulu partiyaları məhv edilib. Lakin “Palen AS” MMC-yə məxsus bibər məhsulunun saxlandığı anbara məhsulun məhv edilməsi üçün keçirilən təkrar baxış zamanı iltizamnamənin alınmasına baxmayaraq, yük partiyasının qanunsuz olaraq satıldığı və müvafiq tələblərin yerinə yetirilmədiyi müəyyən olunub.

Aşkar olunmuş qanunsuz fəaliyyətlə əlaqədar məsələyə hüquqi qiymətin verilməsi üçün zəruri məlumatlar toplanaraq hüquq-mühafizə orqanlarına təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.