MƏDƏNİYYƏT
İranın “Amata” teatr qrupu “YARAT”ın səhnəsində çıxış edəcək
Bakı, 10 oktyabr, AZƏRTAC
İranın “Amata” teatr qrupu “YARAT” Müasir İncəsənət Mərkəzində “Ağa Məhəmməd xan” tamaşasını təqdim edəcək.
“YARAT”dan AZƏRTAC-a bildirilib ki, noyabrın 10-da izləniləcək səhnə əsərinə iranlı rejissor Navid Memar quruluş verib. Xronometrajı 80 dəqiqə olan tamaşa “təxəyyül teatrı” janrındadır. “Ağa Məhəmməd xan” – tarixi simaya özünəməxsus baxış, kanonik obrazdan uzaqlaşma və baş qəhrəmanın gizli motivasiyasının axtarışıdır. Səhnə əsərində Qacarlar sülaləsindən olan İran şahı konkret məna kəsb etməyən obrazlar və səhnə elementləri vasitəsilə təqdim edilir.
Rejissor Navid Memarın sözlərinə görə, başlıca məqsəd, ilkin qavrayış səviyyəsində hiss edilən mühitin yaradılmasıdır. Tamaşaçı bu mühiti gözləri və şəxsi emosiyaları ilə hiss edir. Öz qəhrəmanını tapmaq üçün, rejissor İran tarixinə müraciət edib – sadə, birölçülü anlatmada amansız və qaniçən hökmdar, öz faciəsi, qorxuları və arzuları ilə basılır.
Qeyd edək ki, “Amata” teatr qrupu 2015-ci ildə Tehran Universitetinin tələbələri tərəfindən yaradılıb. Öz tamaşalarında İranın tarixinə, ənənələrinə və mədəniyyətinə istinad edirlər. Eyni zamanda, onların müxtəlif ovqat obrazları amerikalı teatr rejissoru Robert Uilsonun əsərlərindən və dzen-buddizm nəzəriyyəsindən ilhamlanır. İrandan olan bu eksperimental qrup Qərb və Şərq teatr ənənələrinin simbiozunu təqdim edir. Bu sınaq və eksperimentlərin nəticəsi, sözdən imtina və əsas diqqətin aktyorların plastikasına, habelə səhnəqrafiyaya yönəlməsi ilə bağlıdır. Nəticə etibarilə, ənənəvi dövran dramı tamamilə yeni məna əldə edir.