DÜNYA


İranın Hollandiyadakı səfirliyinin binasını daşa basıblar

Tehran, 10 yanvar, AZƏRTAC

İranın Hollandiyadakı səfirliyi hücuma məruz qalıb. Bir qrup şəxs səfirliyin binasını daşa basaraq pəncərələrin şüşələrini sındırıb və binaya daxil olmağa çalışıblar. Lakin Hollandiya polisi hadisə yerinə gələrək aksiya iştirakçılarını binadan kənarlaşdırıb.

AZƏRTAC xəbər verir ki, insidentlə əlaqədar olaraq İranın Hollandiyadakı səfiri Əlirza Cahangiri bəyanatla çıxış edib. Səfir diqqətə çatdırıb ki, “Əl-Əhvaz” terror təşkilatının üzvləri səfirliyin binasına hücum edərək maddi zərər vurublar. Səfir Avropanın demokratik hesab edilən ölkəsində terror təşkilatının sərbəst fəaliyyət göstərməsindən təəssüfləndiyini bildirib, Hollandiya hökumətindən səfirliyin binasının və əməkdaşlarının təhlükəsizliyinin təmin olunmasını və cinayətkarların məsuliyyətə cəlb edilməsini istəyib.

Xatırladaq ki, bir sıra Avropa dövlətləri ərazisində fəaliyyət göstərən “Əl-Əhvaz” təşkilatı ötən il İranın Böyük Britaniya, Fransa, Almaniya və Belçikadakı səfirliklərinə də hücumlar etmişdi.

Bu təşkilat ötən il İranın Əhvaz şəhərində keçirilən hərbi parad zamanı törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürmüşdü.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.