İQTİSADİYYAT
İranın İKT şirkətlərinin Azərbaycan bazarına marağı artır
Bakı, 5 dekabr, AZƏRTAC
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “Bakutel-2014” Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Əli Abbasov iki qonşu ölkə arasında son zamanlar intensivləşən danışıqların nəticəsi olaraq informasiya texnologiyaları sahəsi üzrə əməkdaşlığın genişləndiyini söyləyib.
Mahmud Vaezi məhsuldar keçən bu görüşlərin tərəflər arasında əməkdaşlığın yeni mərhələsinə təkan verdiyini vurğulayıb. “Bakutel 2014”-də İranın İKT sahəsində fəaliyyət göstərən 10 şirkətlə təmsil olunduğunu deyən iranlı nazir onların Azərbaycan bazarına marağının artdığını bildirib.
Sonra “Bakutel-2014”-ün iştirakçısı olan İran şirkətləri təqdimatla çıxış edərək, xidmət və məhsulları barədə məlumat veriblər.
Görüşdə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi, bu zəmində İKT şirkətlərinin bazarlarda fəal iştirakına hərtərəfli şərait yaradılması qərara alınıb.