CƏMİYYƏT
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub
Bakı, 24 oktyabr, AZƏRTAC
İranın İRNA Dövlət Xəbər Agentliyinin baş direktoru Seyid Ziya Haşemi oktyabrın 24-də Azərbaycan Mətbuat Şurasında olub. Bu barədə AZƏRTAC-a Şuradan məlumat verilib.
Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qonağa rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. O, Şuranın beynəlxalq əlaqələrinə toxunaraq bu baxımdan İranla olan təmaslara diqqət çəkib.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkələrimiz arasında media əlaqələrinin inkişaf etdirilməsində İranın Azərbaycandakı səfirliyinin də mühüm rolunun olduğunu bildirib.
İRNA Xəbər Agentliyinin baş direktoru Seyid Ziya Haşemi rəhbəri olduğu media orqanının hər zaman Azərbaycana böyük önəm verdiyini vurğulayıb. Mövcud dəstxətin davamlılığının zəruriliyini əsaslandıran baş direktor, həmçinin media sahəsində əlaqələrin müxtəlif tərəflərinə toxunub.
Görüşdə İran və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərlərinin təşkili, Xəzər hövzəsi ölkələri jurnalistlərinin birgə toplantılarının keçirilməsində təşəbbüskarlıq, təcrübə mübadiləsi məsələləri ətraflı müzakirə olunub, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.