SİYASƏT


İranın “Məhde təməddon” qəzeti: Azərbaycanın 10 milyonuncu vətəndaşı ölkənin uğur yolunun göstəricisidir

Tehran, 11 aprel AZƏRTAC

İranda nəşr olunan “Məhde təməddon” (Mədəniyyət beşiyi) qəzetində “Azərbaycan Respublikasının 10 milyonuncu vətəndaşı ölkənin uğur yolunun göstəricisi” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanda əhalinin sayının 10 milyona çatmasından bəhs olunur.

Məqalədə qeyd edilir ki, 2019-cu il aprelin 6-da Azərbaycan Respublikasının Ağdərə rayon sakinləri, məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və uşağın valideynlərini təbrik ediblər. Azərbaycanda əhalinin sayının 10 milyona çatması ilə əlaqədar ölkənin müxtəlif şəhərlərində təntənəli konsert proqramları təşkil olunub, 10 milyonuncu sakinin dünyaya gəlişi hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük sevinc və iftixar hissi ilə qarşılanıb.

Azərbaycan əhalisinin demoqrafik inkişafı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasətin, aparılan yenidənqurma işlərinin, xalqın rifahı naminə mövcud resurslardan və bütün innovativ imkanlardan istifadə olunaraq yeni növ xidmətlərin göstərilməsindən əhəmiyyətli dərəcədə asılı olub.

Humanitar siyasətin məqsədəuyğun şəkildə aparılması, səhiyyə ocaqlarının müasir tələblərə cavab verməsi, ailə-məişət qayğılarının həllində, təhsil və digər sahələrdə dövlət dəstəyinin göstərilməsi nəticəsində gənc ailələrin gələcəyə inamı daha da artır.

Nəzərə çatdırılıb ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də elan olunanda əhalinin sayı 1,9 milyon, 1991-ci ildə müstəqillik bərpa olunanda isə 7,2 milyon nəfər olub. 2019-cu ildə əhalinin sayının 10 milyona çatması beynəlxalq və regional müstəvidə qüdrətli duruşa sahib olan, günü-gündən inkişaf edən Azərbaycan Respublikasının uğurlar silsiləsinin bir parçasıdır.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.