MƏDƏNİYYƏT
İranın Milli Kitabxanasında görüş
Tehran, 4 iyul, AZƏRTAC
İranda keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində Tehranda səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 4-də İranın vitse-prezidenti ,Milli Kitabxana və Arxiv İdarəsinin baş direktoru xanım Əşrəf Burucerdi ilə görüşüb.
Nazir bildirib ki, mədəniyyəti kitabsiz təsəvvür etmək mümkün deyil. Kitablar hər bir xalqın tarixini, milli dəyərlərini və adət- ənənələrini gələcəyə daşıyan vasitədir. Bu gün Azərbaycanda 3 mindən çox kitabxana var. Bu kitabxanalardan elm adamları ilə yanaşı, tələbələr və digər peşə sahibləri də istifadə edir. Azərbaycanda kitabxanalardan istifadəyə heç bir məhdudiyyət yoxdur. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Milli Elmlər Akademiyasının, nazirliklərin, ali və orta məktəblərin də kitabxanaları var. Azərbaycan hökuməti kitabxanaların inkişafı üçün Dövlət proqramını həyata keçirir. Bu proqrama əsasən kitabxanalarda yeni texnologiyaların tətbiqi prosesi başlayıb. Kitabların elektron variantı hazırlanaraq istifadəyə verilir.
Nazir qeyd edib ki, cari il Azərbaycanda Prezident tərəfindən “İslam Həmrəyliyi İli” elan edilib. Bununla əlaqədar olaraq bir sıra kitablar çapa hazırlanır. Azərbaycan dövləti bu nəşrlər vasitəsilə bir daha islamın dünyada sülhpərvər din olmasını təbliğ edir.
Qeyd olunub ki, aparılan elmi araşdırmaların nəticəsində yazılan dissertasiyaların və doktorluq işlərinin nüsxələri Milli Kitabxanaya verilir.
Sonra Ə. Qarayev İranda keçirilən Azərbaycan mədəniyyət günləri ilə əlaqədar Tehran və İsfahan şəhərlərindəki proqramlar haqqında məlumat verib.
İranın Milli Kitabxanasının rəhbəri xanim Əşrəf Burucerdi Azərbaycandan gələn hər bir qonağın əziz olduğunu bildirib.
Qeyd olunub ki, İranın Milli Kitabxanasında çox qədim və dəyərli əlyazmalar saxlanılır. Bunların birgə tədqiq edilməsi xalqların tarixinin daha dərindən öyrənilməsinə köməklik göstərər.
Görüşdə hər iki ölkənin milli kitabxanalarının əməkdaşlıq perspektivləri, birgə kitab sərgilərinin keçirilməsi məsələləri müzakirə olunub.
Sonra nazir kitabxana ilə tanış olaraq qədim əlyazmalara baxıb.
Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran