SİYASƏT


İranın “Şəhriyar” qəzetində “Heydər Əliyevin siyasi fəaliyyəti” adlı məqalə dərc edilmişdir

Bakı, 8 may (AZƏRTAC). İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin “Şəhriyar” qəzetində “Heydər Əliyevin siyasi fəaliyyəti” adlı məqalə dərc edilmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, məqalədə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunur. Müəllif Heydər Əliyevin SSRİ dövründə müxtəlif vəzifələrdə çalışdığı zaman Azərbaycan üçün göstərdiyi xidmətlər barədə məlumat verir, 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar onun qəti etirazını bildirməsi və Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz olaraq Kommunist Partiyasının sıralarını tərk etməsi qeyd olunur.

Həmçinin məqalədə Ulu Öndərin Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş torpaqların azad edilməsi üçün gərgin diplomatik fəaliyyət aparması, 1996-cı ildə münaqişənin həlli ilə məşğul olan ATƏT-in 54 üzvündən Ermənistan istisna olmaqla 53 dövlətin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə nail olması, lakin Ermənistanın işğal olunmuş torpaqlardan çıxarılması barədə danışıqlarda razılaşmaya gəlindiyi bir vaxtda münaqişənin həllini istəməyən müəyyən qüvvələr tərəfindən Ermənistanda dövlət çevrilişi edilməsi ilə bunun qarşısının alındığı qeyd edilir.

Məqalənin sonunda Heydər Əliyevin Azərbaycan-İran münasibətlərinə dair “İran ilə Azərbaycan arasında olan əlaqələrin tarixi böyükdür. Bu, coxəsrlik tarixdir. Xalqlarımız əsrlər boyu yan-yana, bir yerdə yaşamış, eyni ənənələrə malik olaraq bir-birinə həmişə dayaq durmuşlar. Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra İran ilə Azərbaycan arasındakı əlaqələr dövlət səviyyəsinə qalxıb və qarşılıqlı sürətdə faydalı dövlətlərarası əlaqələrə çevrilibdir” fikirləri yer almışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.