DÜNYA
İranın Zahedan şəhərində silah-sursat aşkarlanıb
Tehran, 3 oktyabr, AZƏRTAC
İranın Sistan-Bəlucistan vilayətinin inzibati mərkəzi olan Zahedan şəhərində xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində çoxlu sayda silah-sursat aşkar edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Təhlükəsizlik Nazirliyinin yaydığı bəyanatda deyilir. Bildirilir ki, vilayətə toplaşan terror qrupları xarici dövlətlərin xüsusi xidmət orqanlarının dəstəyi ilə İranda sabitliyi pozmağa cəhd ediblər. Aparılan təhqiqat zamanı Zahedan şəhərində gizlənən terrorçular aşkarlanıb. Axtarış zamanı 90 avtomat və 60 min sursat aşkar olunaraq müsadirə edilib. Həbs olunanlar var. Barələrində cinayət işi açılıb.
Qeyd edək ki, ötən gün bir qrup silahlı şəxs Zahedan şəhərinin polis idarəsinə silahli basqın etsə də, bunun qarşısı alınıb. Sentyabrın 16-dan İranda başlayan etirazlar Zahedan şəhərində daha kütləvi olub. Şəhərdə etirazçılar polis zabitini qətlə yetiriblər.
İranın Sistan-Bəlucistan bölgəsində əsasən bəluclar yaşayır. Bu vilayətin iqtisadi vəziyyəti digərləri ilə müqayisədə daha ağırdır. Bu səbəbdən də burada əhalinin narazılığı başqa regionlarla müqayisədə daha çoxdur.
Vilayətə əlavə qüvvələr aparılıb. Hələlik vəziyyət hökumətin nəzarətindədir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran