DÜNYA


İranın nüvə proqramına dair Vyana danışıqları davam etdiriləcək

Vyana, 4 avqust, AZƏRTAC

Vyanada İranın nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair sazişin bərpası üçün danışıqlar davam etdirilə bilər.

AZƏRTAC xəbər verir ki, Avstriya mətbuatı İran nümayəndə heyətinin artıq Vyanaya yola düşdüyünü yazıb. Nümayəndə heyətinə danışıqlarda İranı təmsil edən Əli Bağeri rəhbərlik edir. Mətbuatın məlumatına görə, Avropa İttifaqının koordinatoru və danışıqlarda vasitəçilik edən Enrike Mora da sosial media hesablarında Vyanaya yollandığını yazıb.

Ötən həftələrdə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə proqramı ilə bağlı narahatlığını bildirib. İran tərəfi isə nüvə texnologiyasının yalnız dinc məqsədlərə xidmət etdiyini bəyan edib.

Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən danışıqlarda Çin, Fransa, Almaniya, Rusiya, Böyük Britaniya və İran təmsilçiləri iştirak edirlər. Danışıqlar uğurlu olarsa, ABŞ sazişə geri dönə, İrana qarşı sanksiyalar aradan qaldırıla bilər. Bunun üçün İranın nüvə proqramı ilə bağlı güzəştlərə getməsi tələb olunur.

2018-ci ildə sazişi birtərəfli qaydada tərk edən ABŞ hazırda danışıqlarda birbaşa iştirak etmir və İranla təmasları dayandırıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.