DÜNYA
İranın nüvə razılaşmasına sadiq qalması üçün iqtisadi maraqları təmin olunmalıdır
Vyana, 4 iyul, AZƏRTAC
İranın Qərb dövlətləri ilə imzaladığı nüvə razılaşmasına sadiq qalması üçün iqtisadi maraqları təmin olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri Avstriyada rəsmi səfərdə olan İran Prezidenti Həsən Ruhani səsləndirib.
Avstriya Federal Prezidenti ilə keçirilən birgə mətbuat konfransında H.Ruhani qeyd edib ki, nüvə razılaşması İran, Avropa İttifaqı və həmçinin bütün dünya üçün mühüm əhəmiyyət daşıyır. Onun hökuməti ABŞ-ın iştirakı olmadan da bu sazişə riayət etmək niyyətindədir. Bunun üçün əsas şərt, İranın həmin razılaşmadan mənfəət əldə edə bilməsi və iqtisadi maraqlarının təmin olunmasıdır.
Prezident Aleksander Van der Bellen ABŞ-ın tətbiq etdiyi sanksiyaların dolayısı yolla Avstriya şirkətlərinə də zərbə vurduğunu bildirib və ölkəsinin, eləcə də Avropa İttifaqının bu sazişin qüvvədə qalması üçün çərçivə şərtlərə əməl olunmasına çalışdığını vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Vyanada imzalanmış saziş nüvə silahlarının yayılmasının qarşısının alınmasında əsas rol oynayır və mühüm diplomatik uğur kimi BMT Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə təsdiqlənib. Sazişin imzalandığı ölkə kimi Avstriya özünü onun qüvvədə qalmasına cavabdeh hiss edir. Beynəlxalq Atom Enerjisi Agentliyi indiyədək hazırladığı 11 hesabatda İranın nüvə razılaşmasına riayət etdiyini açıqlayıb: “Nüvə sazişi İranla münasibətlərdə mövcud olan problemləri həll etmək üçün nəzərdə tutulmayıb, lakin bunun üçün pəncərə açıb”.
Qeyd edək ki, İranla nüvə sazişini imzalamış dövlətlərin (ABŞ istisna olmaqla) xarici işlər nazirləri iyulun 6-da Vyanada toplanmalıdırlar. Görüşün əsas məqsədləri sırasında nüvə sazişinin qüvvədə saxlanması və sazişdən birtərəfli qaydada çıxan ABŞ-ın danışıqlara cəlb edilməsi yollarının müzakirəsidir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana