İranın ölkəmizə qarşı düşmənçilik siyasəti çox faciəvi nəticələr verə bilər
AzerTAg.az

Bakı, 2 aprel, AZƏRTAC
Adətən diplomatiyada protokola uyğun olaraq diplomatik notalar həftənin iş günləri göndərilir. Qeyri-iş günlərində İranın Azərbaycana nota verməsi absurddur. Bununla yanaşı, səfirliyimizə qarşı qanlı terror aktı törədildiyi üçün bütün diplomatlarımız təhlükəsizlik səbəbindən Bakıya təxliyə olunub. İranda səfirliyimizin fəaliyyət göstərməməsi fonunda oradan Azərbaycana nota verilməsi də təəccüb doğuran məqamdır. Digər tərəfdən qeyd edək ki, Azərbaycanda Tehrandakı molla rejimindən fərqli olaraq mediada plüralizm, fikir müxtəlifliyi hökm sürür. Üstəlik, bu gün Azərbaycan mətbuatında Tehran rejimi ilə bağlı yazılanlar milyonlarla azərbaycanlının fikrinə uyğundur. İctimai rəylə hesablaşmaq lazımdır. İranın silsilə şəkildə törətdiyi terror aktları ictimai rəyə təsir edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.
Onun fikirlərinə görə, Tehran rejimi uzun müddətdir ki, öz mediasında Azərbaycana qarşı düşmənçilik və təhqir siyasəti aparır. İranın xüsusi xidmət orqanları Azərbaycana qarşı mənfi rəy formalaşdırmaq üçün "Səhər TV" telekanalı yaradıblar. "Vətənpərvər Azərbaycan mediası isə İrana layiqli cavab verir. Dövlətini, bayrağını, Vətənini sevən ekspertlər isə hər zaman öz vətəndaş mövqeyini bildiriblər, bundan sonra da bildirəcəklər. İranın ölkəmizə qarşı böhtan, şantaj və terror dilində danışmağı da bir nəticəsini verməyəcək",-deyə politoloq bildirib.
İ. Hüseynov əlavə edib ki, bu gün İranın ölkəmizə qarşı düşmənçilik siyasəti çox faciəvi nəticələr verə bilər. Biz regionda sülhün, təhlükəsizliyin və sabitliyin qorunmasının tərəfdarıyıq. Regionda yeni müharibə istəmirik və müharibəyə yol açan müxtəlif pozucu və destruktiv addımları qətiyyətlə pisləyirik.
Xəbərin mətnində orfoqrafik səhv var