MƏDƏNİYYƏT
İranın titrebart.com portalında Bakının turizm potensialı haqqında yazı dərc olunub
Tehran, 17 dekabr, AZƏRTAC
Turistlərin müxtəlif səyahət istiqamətləri arasındakı fərqi görmələri üçün mütləq baş çəkməli olduqları şəhərlərdən biri də Bakıdır.
AZƏRTAC xəbər verir ki, bu fikir İranın titrebart.com portalında Bakının turizm potensialı haqqında dərc olunan yazıda əks olunub.
Materialda qeyd olunub ki, Bakını Avropanın ən Şərq paytaxtı adlandırırlar. Bakının ən özəl turistik məkanları parklarıdır. Bakı, həm də Təbrizlə qardaşlaşmış şəhərdir. Qafqazda insanların ən sıx olduğu şəhər məhz Bakıdır. Bu şəhərə səyahət olduqca rahat və təhlükəsizdir.
Yazıda bildirilir ki, Bakı haqda danışarkən ilk olaraq onun füsunkar memarlığını qeyd etmək lazımdır. Asiya tipli müasir göydələnlər, Avropasayağı daş piltələrlə döşənmiş küçələr, SSRİ dövrünə aid suvenirləri şəhərə gözəllik verir. İçərişəhər isə Bakının döyünən qəlbidir. Tarixi Şirvanşahlar Sarayı, Qız qalası, müxtəlif restoranları, ənənəvi mağazaları ilə seçilən bu hissə müasir Bakının mərkəzində yerləşir. Qala divarları ilə əhatələnmiş İçərişəhər UNESKO-nun Ümumdünya İrsi Siyahısına salınıb. Onu hər il minlərlə turist ziyarət edir. Qeyd olunur ki, şəhərin sakinləri gözəl Fəvvarələr meydanında Azərbaycan musiqisindən həzz alır, yaxud Xəzər dənizi boyunca uzanan yaşıl Bakı bulvarında gəzişirlər. Lakin buraya səyahətin sevinci yalnız Bakının görməli yerlərinə tamaşa etmək deyil, mehriban Azərbaycan xalqı ilə ünsiyyət, ləziz Azərbaycan kababı və plovunu dadmaq da ayrıca həzdir. Bakı turistik şəhər olduğundan, şəhərdə saysız-hesabsız otel var.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran