DÜNYA


İranın zəlzələ bölgəsində xilasetmə işləri davam edir

Tehran, 2 iyul, AZƏRTAC

Bu gün səhər saatlarında Hörmüzgan vilayətində baş verən zəlzələdən sonra regionda 20 afteşok qeydə alınıb ki, bu da bəzi dağıntılara səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Qızıl Aypara Cəmiyyətinin Hörmüzgan vilayəti üzrə direktoru Məcid Selahşor deyib. O bildirib ki, zəlzələ bölgəsinə 600 çadır, 4 min xalça və 1000 ərzaq bağlaması göndərilib.

Zəlzələ Hörmüzganla yanaşı, Fars, Buşəhr, Sistan-Bəlucistan və Kirman vilayətlərində də hiss olunub. Hörmüzgan vilayətindəki 23 kənddə böyük dağıntılar olub. Ən çox dağıntıya Sahey Xoş, Dejkan və Koşuk kəndləri məruz qalıb. Evləri dağılan ailələr Bəndər Abbas şəhərinin stadionunda qurulan çadırlara yerləşdirilib.

İranın Qızıl Aypara Cəmiyyəti təbii fəlakət bölgəsinə 105 xilasedici olmaqla 27 əməliyyat qrupu, 3 vertolyot və xüsusi təlim görmüş 4 it göndərib.

Dağıntılar altında qalanların axtarışı davam edir. Qızıl Aypara Cəmiyyətinin verdiyi məlumata görə, zəlzələ nəticəsində 5 nəfər həlak olub, 49 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəstəxanaya çatdırılanların arasında ağır vəziyyətdə olanlar da var.

İranın Birinci vitse-prezidenti Məhəmməd Mühbir Hörmüzgan vilayətinin rəhbəri ilə telefonla danışaraq son vəziyyətlə bağlı məlumat alıb. Hökumət təcili və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlayıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.