CƏMİYYƏT
İranlı Mühacirlər Cəmiyyəti regional dəyirmi masalara yekun vurub
Bakı, 24 oktyabr, AZƏRTAC
“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi regional dəyirmi masalara yekun vurub.
İctimai birlikdən AZƏRTAC-a verilən məlumata görə, sonuncu tədbir Şirvanda keçirilib. Öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin şəhərin baş meydanındakı abidəsini ziyarət ediblər.
Salyan və Neftçala rayonlarında yaşayan iranlı mühacirlərin, onların ailə üzvlərinin, yerli ictimaiyyətin nümayəndələrinin qatıldıqları tədbir S.Ə.Şirvani adına Mərkəzi Kitabxananın oxu zalında baş tutub.
Tədbiri Şirvan Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Adəm Hüseynov açaraq İranlı Mühacirlər Cəmiyyətinin bütövlükdə ictimaiyyət üçün gərəkli bir layihə həyata keçirdiyini bildirib: “Dəyirmi masanın mövzusu - “Azərbaycan Respublikasına olan mühacirətin mərhələləri, ölkədə mühacirlərlə iş sahəsində tendensiya və xüsusiyyətlərin öyrənilməsi” aktualdır. Tam əksəriyyəti azərbaycanlılar olan iranlı mühacirlər hər zaman ölkəmizdə özlərini doğmalarının əhatəsində hiss edirlər. Onlar Şirvan şəhərinin həyatında ictimai fəallıqları ilə fərqlənir, rəhbər sahələrdə, quruculuq işlərində etimadı doğruldurlar. Layihənin bu kimi faktların geniş təbliğində mühüm rol oynayacağına əminəm”.
“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi sədrinin birinci müavini, Əməkdar jurnalist Rəhim Hüseynzadə bildirib ki, qurumun bu tədbiri “Azərbaycan Respublikasına olan mühacirətin mərhələləri, ölkədə mühacirlərlə iş sahəsində tendensiya və xüsusiyyətlərin öyrənilməsi mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində Quba və Qazaxdan sonra regionlarda reallaşdırdığı üçüncü dəyirmi masadır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə 2019-cu ilin iyul-noyabr aylarını əhatə edir.
R.Hüseynzadə deyib: “Təşkilatımız 72 ildir Azərbaycan Respublikasında fəaliyyət göstərir. Onu mühacirətin dünyəvi Azərbaycan modeli adlandırmağımız üçün kifayət qədər əsaslı faktlara və misallara malikik. Dörd il əvvələ qədər ölkə ictimaiyyətinin bu barədə bilgiləri çox səthi idi. Maarifləndirməni qarşıya məqsəd qoyan layihəmiz müsbət nəticələr verməkdədir. Biz bununla respublikada iranlı mühacirlərə və onların ailə üzvlərinə göstərilən bəşəri qayğı barədə ölkə hüdudlarından kənarda da məlumat mübadiləsi edirik. Məqsədimiz həm də bütün sahələrdə onilliklər ərzində insanlarımıza hərtərəfli kömək göstərən dövlətimizə, qardaş və bacılarımıza minnətdarlığımızı yetirməkdir”.
Cəmiyyətin sədri Firidun İbrahimi çıxışında rəhbəri olduğu qurumun yaranma tarixi, fəaliyyət istiqamətləri, strukturu barədə müfəssəl məlumat verdikdən sonra deyib: “Baş çəkdiyimiz bütün bölgələrdə təşkilat mənsublarımızın simalarında xoş əhvali-ruhiyyəni görmüşük. Çünki respublikamızın hər yerində onlara doğmalar kimi yanaşılır, qayğı və problemlərinin həllinə lazımi kömək göstərilir. Təşkilatımız iranlı mühacirlərə və onların ailə üzvlərinə qayğı ənənələrini davam etdirən rayon və şəhərlərin icra başçılarını fəxri diplomlarla mükafatlandırır. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov da fəxri diploma layiq görülüb”.
Layihənin eksperti, “20 Yanvar” İctimai Birliyinin Nəzarət-Təftiş Komissiyasının sədri, istefada olan mayor Nizami Rzaşüvari respublikamıza mühacirətin müxtəlif mərhələlərinin şərhini verdikdən sonra ölkəmizin həyatında sınaqlı məqamlarda bu insanların göstərdirdikləri misilsiz şücaətlərdən danışıb: “Atam 20 Yanvarda, bacım Qarabağ cəbhəsində şəhid olub. Bu gün Azərbaycanı sevən, yolunda canını fəda edənlərimiz hər bölgədə, şəhərdə var. Çünki Azərbaycan Vətənimiz, biz isə sadiq övladlarıyıq”.
Tədbirdə Gülağa Mürsəlova “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi Şirvan regional təşkilatının sədri vəsiqəsi təqdim olunub.
Cəmiyyətin təşkilat şöbəsinin müdiri Murtuza Nizamoğlu ötən əsrin 80-ci illərinin mühacirlərindən biri kimi Azərbaycanda onlara göstərilən qayğını başqa ölkələrlə müqayisəli şəkildə səciyyələndirib.
Əli Mirzəyev (Şirvan Regional QHT-lərin Rezurs və Təlim Mərkəzi) mühacirətin 4-cü mərhələsinə mənsub bir nəslin nümayəndəsi kimi layihənin onda doğurduğu marağı iştirakçılara çatdırıb.
“İşıq” qəzetinin baş redaktoru Fəxrəddin Rəhimov, Əməkdar müəllim Rafiq Səmədov, Tarix–Diyarşünaslıq Muzeyinin direktoru Gülşən Vəliyeva və başqaları da layihə barədə fikir və rəylərini səsləndiriblər.
Sonda təhsildə, səhiyyədə, istehsalatda, ictimai işlərdə fərqlənən iranlı mühacirlərə və onların övladlarına diplomlar təqdim olunub.