REGİONLAR
İranlı aktyorlar Lənkəran Dövlət Dram Teatrının səhnəsində
Lənkəran, 16 may, Bağır Əliyev, AZƏRTAC
Şəki şəhərində keçirilən “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalının iştirakçısı olan İran İslam Respublikasının Ərdəbil vilayətinin Parsabad şəhərindəki Muğan-Hünər Teatrının truppası Lənkəran Dövlət Dram Teatrının səhnəsində Mahmud Məndəvinin “Canavar” tamaşası ilə çıxış edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşadan əvvəl teatrın direktoru Tofiq Heydərov III Şəki Beynəlxalq Teatr Festivalının məqsədi barədə iranlı sənətçilərə ətraflı məlumat verib.
Süjet xətti “Qurani-Kərim”in həzrəti Yusif və Züleyxa əhvalatından götürülmüş “Canavar” tamaşasının quruluşçu-rejissoru və rəssamı Qərib Mənuçehri, musiqi tərtibatçısı Yaşar Haşimi və Yaşar Mənuçehridir.
Lənkəran teatrsevərləri tərəfindən maraqla qarşılanan səhnə əsərində rolları Əli Məhəmmədzadə, Nəsrin Huşyar, Yaşar Haşimi və Yaşar Mənuçehri ifa ediblər.
Tamaşadan sonra iranlı sənətçilərə Beynəlxalq Teatr Festivalının diplomu, Lənkəran Dövlət Dram Teatrının xatirə hədiyyələri təqdim olunub.