MƏDƏNİYYƏT
İranlı qonaq Milli Kitabxanada olub
Bakı, 7 noyabr, AZƏRTAC
V Beynəlxalq Teatr Konfransının iştirakçısı olan İran İslam Respublikasının Mədəniyyət və Kitabxanalar üzrə baş müdiri Məhəmməd Pur Azərbaycan Milli Kitabxanasında olub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüşdə qarşılıqlı maraq doğuran mələlər müzakirə edilib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonağı salamlayıb və hər zaman Təbrizli qardaşlarımızla əməkdaşlıq etməkdən məmnunluğunu ifadə edib. Kərim Tahirov Milli Kitabxananın Təbrizdə keçirilən Beynəlxalq Kitab sərgilərində iştirakını və Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin göstərişi ilə İranın mərkəzi kitabxanalarına müntəzəm olaraq Milli Kitabxana tərəfindən Azərbaycanın tarixinə, iqtisadiyyatına, mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına aid kitabların göndərilməsini xüsusi qeyd edib.
Məhəmməd Pur Təbrizdə iki böyük kitabxananın olduğunu və onların Milli Kitabxana ilə qarşılıqlı əməkdaşlığının xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bu məqsədlə ilk addım kimi növbəti tədbirlərə Azərbaycan Milli Kitabxanasını dəvət edəcəyini xüsusilə diqqətə çatdırıb. Məhəmməd Pur Firdovsi, Hafiz Şirazi, Məhəmməd Hüseyn Şəhriyarın və digər şair və yazıçıların əsərlərinin və “Molla Nəsrəddin”in nadir nüsxələrinin Təbriz Mərkəzi Kitabxanasının fondunda xüsusi yer tutduğunu bildirib və bu cür dəyərli nəşrlərin fotosurətinin Milli Kitabxanaya veriləcəyini söyləyib.
Sonda Məhəmməd Pur “Şeiri ədəb” və “Tamam nəfaxir” adlı kitabları Milli Kitabxanaya hədiyyə edib, Kərim Tahirov da öz növbəsində “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” və “Azərbaycan xalçaları dünya kolleksiyalarında” adlı kitabları qonağa təqdim edib.