REGİONLAR
İranlı turistlər Lerikdə dincəlmək üçün tur-paketlərdən istifadə edə biləcəklər
Lerik, 10 noyabr, Bağır Əliyev, AZƏRTAC
İran İslam Respublikasında fəaliyyət göstərən 6 turizm şirkətinin 20-dək nümayəndəsi Lerikdə olub.
AZƏRTAC xəbər verir ki, rayondakı “Relax” istirahət mərkəzində iranlı qonaqlarla keçirilən görüşdə turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək məsələləri müzakirə edilib.
Qonaqlara rayonda fəaliyyət göstərən turizm və istirahət mərkəzləri barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, Lerikdə yay turizmi ilə yanaşı, qış və ekoturizmin inkişafı üçün lazımi şərait var.
Lerikin və İranın turizm şirkətlərinin nümayəndələri turizm mövsümündə tur-paketlərin hazırlanması barədə razılıq əldə ediblər.
Vurğulanıb ki, bu tur-paketlər sayəsində turistlərin daha sərfəli şərtlərlə istirahət etmələri təmin olunacaq, həm İrandan Azərbaycana, həm də ölkəmizdən qonşu ölkəyə gedən turistlərin sayı artacaq.
Diqqətə çatdırılıb ki, bu ildən başlayaraq qış aylarında xarici turistləri rayona cəlb etmək məqsədilə Lerikdə fəaliyyət göstərən istirahət mərkəzlərində xizək sürmək üçün meydançalar hazırlanacaq, quş və balıq ovu üçün turlar təşkil olunacaq.
Qeyd edək ki, son illər İran İslam Respublikasından ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunur. Təkcə ötən il qonşu ölkədən respublikamızın cənub bölgəsinə 600-dən çox turist gəlib.