REGİONLAR
İranlı turistlərin qrup rəhbəri: Azərbaycanın füsunkar məkanlarını dostlarıma göstərmək istəyirəm VİDEO
Lənkəran, 2 sentyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Bir qrup İran vətəndaşı Azərbaycana velosipedlə tur təşkil edib. Zəncan vilayətindən başlayan veloturun Astaradan sonra növbəti dayanacağı Lənkəran olub.
AZƏRTAC xəbər verir ki, Lənkəranın gəzməli-görməli yerləri ilə tanış olan 20-yə yaxın səyahətçi havanın yağışlı olmasına baxmayaraq, Bakıya yola çıxıblar. İşlərini ehtiyatlı tutan iranlı turistlər özləri ilə çətin şəraitə uyğun lazımi vəsait də götürüblər. Ölkəmizin füsunkar məkanlarını ziyarət etmək arzusu ilə yola çıxan velosipedçilər heç bir çətinliyə məhəl qoymurlar.
Səyahətə Astaradan başladıqlarını bildirən İran İslam Respublikasının vətəndaşı Fərhad Əsgəri deyib: “Paytaxt Bakıya yola düşürük. Yəqin ki, dörd günə Bakıda olarıq, gəzinti bitdikdən sonra yenə İrana qayıdacağıq. Bu turu mən təşkil etmişəm və istəyirəm ki, Azərbaycanın füsunkar məkanlarını dostlarıma göstərim. Azərbaycanlılar çox mehribandırlar, bizə yolboyu isti münasibət göstərirlər”.
Digər turist Məhyar Keykani isə qısa vaxtda Azərbaycanda gördüklərindən məmnun qalıb: “Hər yer abad və səliqəlidir. Səfərimiz qrup rəhbərimizin dediyi kimi, Bakı şəhərinədir. Bizim komandanın hər bir üzvü burada olmaqdan çox məmnundur. Xüsusilə bizim qrupun yolda təhlükəsiz hərəkətini təmin etdiyi üçün Azərbaycan polisinə minnətdarıq. Bizi gözəl ölkənizdə yaxşı qarşıladığınız üçün təşəkkür edirik”.
Qeyd edək ki, iranlı səyahətçilər 10 gün ərzində Azərbaycanın müxtəlif bölgələrində olan tarixi-memarlıq, mədəniyyət abidələrini ziyarət etmək, eləcə də milli mətbəximizin dadlı təamlarından dadmaq fikrindədirlər.