DÜNYA
İraq Kürdüstanında keçirilən referendumun ilkin nəticələri dərc edilib
Bakı, 26 sentyabr, AZƏRTAC
İraq Kürdüstanında keçirilən referendumda iştirak edənlərin 93 faizdən çoxu regionun müstəqilliyini dəstəkləyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu nəticə 282 min (təxminən 9 faiz) səsin hesablanmasından sonra məlum olub.
Referendum və seçkilər üzrə ali müstəqil komissiyanın informasiyasına əsasən, müstəqilliyin əleyhinə 6,71 faiz seçici səs verib. Komissiya sədri bülletenlərin hesablanması prosesi davam etdiyi üçün nəticələrin dəyişə biləcəyini bildirib. Səsvermənin rəsmi nəticəsi sentyabrın 28-də elan olunacaq.
Referendumda təxminən 3,3 milyon nəfər (72,16 faiz) iştirak edib.
Xatırladaq ki, rəsmi Bağdad, İraq Kürdüstanının qonşuları, həmçinin ABŞ və BMT referendumun əleyhinə çıxıb. Referenduma cavab olaraq İran regionla quru və hava sərhədlərini bağlayıb. Ankara və Tehran Şimali İraqla sərhəddə hərbi təlimlərə başlayıb.
Bundan əlavə, İraq parlamenti referendumda iştirak edən bütün məmurların və dövlət qulluqçularının işdən azad olunması barədə qərar çıxarıb və Kürdüstanın qonşu ölkələrlə sərhədlərinə nəzarətin Bağdada verilməsini, həmçinin neft üzrə bütün danışıqların və sövdələşmələrin İraq hökuməti ilə aparılmasını tələb edib.